“Azərbaycanda COP29-a hazırlıq ən yüksək formada davam edir. Bu gün Azərbaycan dövləti qlobal səviyyəli, mühüm məsələlərin müzakirə edildiyi və bütün dünyanın maraq göstərdiyi vacib tədbirdə ən yüksək peşəkarlığı nümayiş etdirir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
Siyasi təhlilçi COP29-un ölkəmizdə keçirilməsi və onun gələcək perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, əlbəttə, COP29-a ölkəmizin ev sahibliyi etməsi beynəlxalq təşkilatlar tərəfindən də dəyərləndirilir:
“Eyni zamanda, COP29 öncəsi ölkədə görülən işlər də qiymətləndirilir. Bu baxımdan, BMT-nin Azərbaycanın COP29 hazırlıqlarına diqqət göstərməsi və hazırlıqları yüksək dəyərləndirməsi ölkəmiz üçün vacib əhəmiyyətə malikdir. Gücümüz, peşəkarlığımız, bütün sahələrdəki uğurlar öz əksini tapır”.
T.İsmayılov hesab edir ki, Azərbaycanın COP29-la bağlı ortaya qoyduğu mövqe təqdir edilməlidir:
“COP29 dünyanın və BMT-nin dünya səviyyəli ən vacib tədbirlərindən hesab edilir. Xüsusilə, dünya bu qədər ekoloji problemlərin, iqlimlə bağlı narahatlıqların olduğu bir dövrdə COP29 kimi layihələrin önəmi daha da artır. Əlbəttə ki, belə bir vacib, qlobal əhəmiyyətli fikirlərin müzakirə ediləcəyi bir tədbirin Azərbaycana həvalə olunması dövlətimizin xarici siyasət kursunun uğurlarından biridir. Həmçinin artıq Azərbaycanın qlobal güc faktoru olması növbəti dəfə ortaya çıxmış olur”.
Rafi Müslümov
www.yenicag.az