COVID-lə bağlı saxtarkarlıqlar indi ÜZƏ ÇIXIR: Milyonlarla yeyintiyə görə araşdırma başladıldı
Rumıniyada koronavirus (COVID-19) pandemiyası dönəmində korrupsiya və satınalma fırıldağı şübhələrinə dair araşdırma başladılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Avropa İctimai Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, istintaq 2021-ci ildə COVID-19 pandemiyası dövründə keçirilmiş, dəyəri təxminən 1,5 milyon avro olan tibbi avadanlıqların dövlət satınalması proseduruna aiddir. Sübutlara əsasən, tender şərtlərinin müəyyən bir şirkətin xeyrinə uyğunlaşdırılıb. Bunula bağlı ötən həftə Buxarest, Braşov və Mureşdə axtarışlar aparılıb.
Şirkət nümayəndələrinin Braşov Rayon Təcili Yardım Xəstəxanasının dövlət məmurlarına rüşvət təklif etdiyi, bunun müqabilində satınalma prosedurunun onların xeyrinə təşkil olunmasının təmin edildiyi güman edilir. Bundan əlavə, satınalma prosesində iştirak edən məmurların müqavilə dəyərinin təxminən 5 %-ni tələb edib aldıqları ehtimal olunur.
Axtarışlar zamanı sənədlər və elektron cihazlar daxil olmaqla, sübutlar toplanıb.
Qeyd edək ki, Avropa İctimai Prokurorluğu Avropa İttifaqının (Aİ) müstəqil ictimai prokurorluq orqanıdır. O, Aİ-nin maliyyə maraqlarına qarşı cinayətlərin araşdırılması, təqibi və məhkəməyə çıxarılmasına cavabdehdir.













