Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 2016 və 2017-ci illəri əhatə edən hesabat işıq üzü görüb.
Yenicag.az xəbər verir ki, politoloq Elxan Şahinoğlunun rəhbərliyi ilə Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin hazırladığı analitik hesabat adıçəkilən universitet tərəfindən nəşr edilib.
Gənc politoloqlar və media nümayəndələrinin qatıldığı təqdimatda çıxış edən Elxan Şahinoğlu öncə Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzi haqqında qısa məlumat verib.
Şahinoğlunun sözlərinə görə, Mərkəzin nəzdində yaradılan Qarabağ departamentinə özü, Tolerantlıq şöbəsinə isə israilli politoloq Arye Qut rəhbərlik edir.
Təqdim olunan hesabat haqqında danışan politoloq bildirib ki, kitaba əsasən, Qarabağ münaqişəsinin nizamlanmasına yönəlik 2016- 2017-ci illərdə keçirilmiş müxtəlif səviyyəli görüşlər haqqında məlumatlar və onların qısa rezümesi daxil edilib.
Şahinoğlu qeyd edib ki, 2016-cı il Aprel döyüşlərindən sonra ictimai rəydə danışıqlar prosesinin intensivləşəcəyi və konkret nəticələrin əldə olunacağına istiqamətlənmiş gözləntilər özünü doğrultmayıb:
“Cəmiyyətdə belə bir ümid vardı ki, Aprel döyüşləri nizamlama prosesinə ciddi təkan verəcək və danışıqlar nəticəsində Azərbaycanın işğal altındakı ərazilərinin bir hissəsi – 3, 5, hətta 7 rayon – boşaldılacaq. Ancaq bu yanaşmaları bölüşmürdüm və zaman da göstərdi ki, o gözləntilərin real əsası yoxdur.
Bununla belə, 2016 və 2017-ci il ərzində danışıqlar davam etdirilib, prezidentlər və xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilib. Ancaq qeyd olunduğu kimi, ortada konkret nəticə yoxdur”.
Politoloq danışıqlar prosesinin gedişində Minsk qrupu həmsədrlərinin fəaliyyətini də dəyərləndirib:
“Açıq görünür ki, Minsk qrupu həmsədrləri arasında Rusiya daha çox fəallıq göstərir. Danışıqların əsasən, Rusiyanın müxtəlif şəhərlərində təşkil olunması da bu fikirləri təsdiqləyir.
ABŞ-ın təqribən 2000-ci ildən sonra Qarabağ münaqişəsinin nizamlanması prosesindəki iştirakı xeyli zəifləyib. Yəni Ki-Uest danışıqlarından sonra ABŞ-ın bu istiqamətdə xüsusi fəaliyyəti hiss olunmur. O cümlədən, Fransa da arada məsələyə münasibət bildirsə də, Parisin bu prosesdə aktivliyi yoxdur.
Ümumiyyətlə, Barak Obamanın ABŞ-da hakimiyyətdə olduğu 2009-2016-cı illərdə Vaşinqton Qarabağ münaqişəsinin nizamlanmasında heç bir rolu ilə yadda qalmadı. Eyni zamanda, Donald Trampın prezident seçilməsindən sonra da ABŞ-ın bu prosesdə rolunun artacağı gözlənilmirdi. Belə bir vəziyyətdə Rusiyanın prosesdə təşəbbüsü ələ alması başa düşüləndir.
Ancaq Rusiya tərəfindən verilən bəzi bəyanatlar qəbul edilən deyil və Azərbaycan bu hallarda öz mövqeyini ifadə edir. Mən bu çərçivədə Rusiya xarici işlər naziri Sergey Lavrovun “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil” bəyanatını xatırlada bilərəm.
Azərbaycan bu bəyanata etirazını bildirmişdi və xarici işlər naziri Elmar Məmmədyarov bəyan etmişdi ki, Rusiya istəsə, münaqişənin həllinə nail ola bilər.
Danışıqlar prosesi isə nəticə verməsə də, davam etdirilir. Bu vəziyyətdə Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində səylərini davam etdirir. Doğrudur, Aprel döyüşlərindən sonra cəbhədə miqyaslı əməliyyatlar keçirilməyib.
Ancaq Azərbaycan öz hərbi potensialını gücləndirməyi davam etdirməli və mənə məxsus terminlə ifadə etsək, yorucu müharibəyə ara verməməlidir. İşğalçı Ermənistan bilməlidir ki, Azərbaycan ərazilərini boşaltmayana qədər rahatlıq tapmayacaq”.
Elxan Şahinoğlu Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünyaya çatdırılmasında bütün imkanlardan istifadə etməyin vacibliyini bildirib:
“Bir neçə gün əvvəl Bakıda “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə keçirilən beynəlxalq simpoziumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya və Gürcüstandan olan tanınmış ekspertlər bir araya gəldilər.
Onların arasında əksəriyyətimizin yaxşı tanıdığı nüfuzlu ekspert Maksim Şevçenko da vardı. Qeyd edim ki, Şevçenko Qarabağ münaqişəsi ilə bağlı konkret obyektiv mövqeyi ilə seçilən fiqurdur.
Simpoziumda onunla Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın konkret addım atmamasının səbəblərinə dair polemikamız oldu. Şevçenko inandırmağa çalışdı ki, Suriya, Donbas və sair problemlərin həllindən sonra növbə Qarabağ münaqişəsinə də çatacaq.
Ona dedim ki, münaqişənin cəmi bir saata həll olunması üçün Moskvadan İrəvana zəng edilməsi kifayətdir, niyə edilmir? O da təbii ki, öz növbəsində Rusiyanın mövqeyini əsaslandırmağa çalışdı.
Sözüm ondadır ki, bu tip tədbirlər münaqişə ilə bağlı təsəvvür yaradılması, onun həllinə yönəlik fikir mübadiləsi baxımından əhəmiyyət daşıyır və belə simpoziumların davamlı təşkilinə ehtiyac var”.
Tədbirin davamında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzində təmsil olunan gənc politoloqlar Qarabağ münaqişəsinin nizamlanması prosesinə dair fikirlərini bildiriblər.
A. Zeynalov
www.yenicag.az