Daha bir namizəd Azay Quliyevin xeyrinə seçkidən çəkildi

Babek AbdullayevBabək Abdullayev: Seçicilərin ona olan rəğbətini gördüm ”

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa daha bir namizəd – Babək Abdullayev öz rəqibi Azay Quliyevin xeyrinə namizədliyini geri götürüb. Bu barədə Babək Abdullayev  bəyanatla çıxış edib.

Bəyanatda deyilir: “Seçkiyə namizəd kimi qatılmaqda məqsədim həm bir gənc olaraq özümü bu siyasi kampaniyada sınamaq, həmçinin, millət vəkili seçilərək vətəndaşların qayğıları ilə yaşamaq, onların həllinə yardımçı olmaq idi. Bunun üçün bir sıra ideyalarım, fikirlərim vardı”.

Babək Abdullayev deputatlığa namizədliyini geri götürməsi haqqında qərarını, son günlər apardığı müşahidələrə əsasən verdiyini deyib: “Mən ciddi niyyətlə seçkiyə qatılmışdım və sonadək mübarizə aparmaq fikrində idim. Namizədlər bəlli olandan sonra rəqiblərimi bir-bir araşdırmağa başladım. Açığı, namizədlərin böyük əksəriyyəti haqqında heç bir məlumat əldə edə bilmədim. Rəqiblərimdən Azay Quliyevi deputat və ictimai fəaliyyətinə görə tanıyırdım. Bu arada, onun fəaliyyəti ilə daha yaxından maraqlandım, xüsusilə, təbliğat kampaniyası başlayan andan seçicilərlə hər gün keçirdiyi kütləvi görüşləri, seçicilərin ona olan rəğbətini gördüm. Kifayət qədər təcrübəli, deputat kimi özünü doğrultmuş və ictimai nüfuza malik olan Azay Quliyevin seçkilərdə qələbə qazanacağı artıq heç kimdə şübhə doğurmur. Seçki kampaniyası kifayət qədər vaxt, enerji və potensial tələb etdiyindən güclü rəqiblə mübarizəni sonadək aparmağa lüzum görmürəm.  Ona görə də namizədliyimi Azay Quliyevin xeyrinə geri götürür və ona gələcək deputatlıq fəaliyyətində uğurlar arzulayıram”.

 

Sonda Babək Abdullayev seçiciləri və təəssübkeşlərini Azay Quliyevə səs verməyə çağırıb və özünün də ona səs verəcəyini qeyd edib.

 

Xatırladaq ki, sözügedən dairədən namizədliyi irəli sürülmüş fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov da bir gün əvvəl namizədliyini A.Quliyevin xeyrinə geri götürməsi barədə bəyanat yayıb.