Danimarkanın yüksək vəzifəli rəsmiləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukraynaya F-16 qırıcılarının ikinci partiyasının təhvil verilməsindən sonra səsləndirdiyi “hərbi-texniki həllər” barədə təhdidlərinə cavab veriblər.
Yenicag.az xəbər verir ki, bu barədə Danimarkanın TV2 telekanalı xəbər yayıb.
Danimarkanın müdafiə naziri Troels Lund Poulsen Lavrovun xəbərdarlığının ölkəsini qorxutmadığını bildirib:
“Danimarka əhalisi bilməlidir ki, ölkəmiz üçün Rusiyadan birbaşa hərbi təhlükə yoxdur. Biz NATO üzvüyük və bu, münaqişə vəziyyətində bizə dəstək təmin edən böyük bir təhlükəsizlik çətiridir”, – deyə nazir vurğulayıb.
Nazir əlavə edib ki, “hərbi-texniki həllər” ifadəsinin konkret nəyə işarə etdiyini bilməsə də, bu açıqlamaları Ukraynaya silah tədarükü və ukraynalı pilotların təlimi ilə bağlı təxribat kimi qiymətləndirir:
“Bunlar Rusiyanın və Lavrovun bəyanatlarıdır və məqsəd Ukraynanın azadlıq mübarizəsini dəstəkləyən ölkələri qorxutmaqdır”.
Danimarka müdafiə naziri bildirib ki, Rusiyanın təhdidləri Avropa ölkələrinin Ukraynaya dəstəkdə birlik göstərməsinin nə qədər vacib olduğunu bir daha vurğulayıb.
Danimarka Xarici İşlər Nazirliyi də Lavrovun bəyanatlarına münasibət bildirib. Xarici işlər naziri Lars Løkke Rasmussen deyib ki, Rusiyanın xarici işlər nazirinin təhdidləri yeni deyil:
“Ukraynanın özünü müdafiə etmək qabiliyyətini dəstəkləmək tamamilə qanunidir və biz bu dəstəyi davam etdirəcəyik”.
Lavrov bu bəyanatı F-16 qırıcılarının ikinci partiyasının Danimarka tərəfindən Ukraynaya təhvil verilməsinə reaksiya olaraq səsləndirib.
Xatırladaq ki, noyabr ayında Danimarkanın baş naziri Mette Frederiksen Kiyevə səfəri zamanı Danimarkanın Ukraynaya 19 F-16 qırıcısından ilk altısını təhvil verdiyini, qalanlarının isə iki mərhələdə təhvil veriləcəyini açıqlamışdı.
www.yenicag.az