Daşınmaz əmlakda RÜSUM ARTIMI: “Əziyyəti sıravi vətəndaşlar çəkir”

“Rüsumun artması gündəlik minlərlə evin satılması fonunda böyük gəlir əldə etməyə səbəb olacaq”.

Bunu daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsinin 30 manatdan 50 manata, daşınmaz əmlaka dair texniki sənədlərin verilməsinin 50 manatdan 75 manata qaldırılmasına münasibət bildirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspert vurğulayıb ki, rüsumların artırılması ciddi dəyişiklik yaratmasa da, bütün hallarda artımın olması arzuolunan deyil:

“Rüsumların artırılması daşınmaz əmlak bazarında heç bir dəyişikliyə səbəb olmayacaq. Çünki çıxarışların və texniki sənədlərin verilməsi gündəlik tələb olunmur. Yəni cəmi bir dəfə – alqı-satqı zamanı rüsum ödənir. Sadəcə mövcud artım sıravi vətəndaş üçün xırda məbləğ görünə bilər, amma gündəlik minlərlə ev satılır. Bu, böyük gəlir əldə etməyə yol açır. Əmlak bazarındakı qiymətlərdə hansısa artımın olacağı gözlənilmir. Qiymət artımına şərtlərin sərtləşdirilməsi, tikinti materiallarının bahalaşması səbəb olur. Bütün hallarda rüsum artımına qarşıyam. Çünki əziyyət çəkən sıravi vətəndaşlar olur”.

Gülşən Şərif