“Kreativ Media – Bakı” adlı məzmun müsabiqəsi elan edildi
Medianın İnkişafı Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində növbəti dəfə “Kreativ Media – Bakı” adlı məzmun müsabiqəsi elan edilir.
Yenicag.az xəbər verir ki, müsabiqə jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, eləcə də media sahəsinə maraq göstərən digər ixtisasdan olan tələbələri əhatə edir.
Müsabiqənin keçirilməsinin əsas məqsədi media savadlılığı və dezinformasiya ilə mübarizədə yeni məzmun ideyalarının yaradılması, gənclər üçün peşəkarlaşma, eyni zamanda, ixtisaslaşmanın təşviq edilməsidir.
Müvafiq müsabiqəyə “Süni intellekt və etika: təhlükəsiz rəqəmsal cəmiyyət”, “Müxtəlif sənayelər üzrə etibarlı məlumatlandırmanın təmini: dağ-mədən sənayesi” və “Media savadlılığı sosial məsuliyyətlilik kontekstində” mövzuları üzrə hazırlanmış məqalələrlə müraciət etmək mümkündür.
Müsabiqə üçün dil, həcm və janr məhdudiyyəti nəzərdə tutulmur.
Qiymətləndirmə materialın yaradıcı, orijinal və maarifləndirici əhəmiyyətli olması, jurnalistikanın prinsiplərinə uyğunluğu, eləcə də plagiat və ya emal olunmamış informasiyanın (copy-paste) həcmi nəzərə alınmaqla aparılacaq.
Dekabrın 20-si saat 12:00-dək göstərilən linkdəki elektron qeydiyyat formasını dolduraraq müraciət edə bilərsiniz.
Qeyd edək ki, qaliblərə hədiyyə və sertifikatların təqdim edilməsi, həmçinin onların məqalələrinin peşəkar onlayn media subyektlərində paylaşılması nəzərdə tutulur.
Qeydiyyat linki: https://shorturl.at/50FOD












