Elnur Zeynalovun DOĞUM GÜNÜDÜR: “Ən böyük arzum qalan ömrümü Ağdamda yaşamaqdır”
“Allah bir il də ömür verdi, sağlam can-başla gəlib çatdım növbəti yaşa. Hər şey gözəldir, təbriklər, gözəl sözlər eşidirəm. Konservatoriyada muğam kofedrasının bütün müəllimləri, başda Xadq artistimiz Mənsum İbrahimov olmaqla, Nəzakət Teymurova, Gülüstan Əliyeva, Qəzənfər Abbasov, Təyyar Bayramov, Babək Niftəliyev hamısı gəlib dərs keçdiyim yerdə məni təbrik etdilər. Bundan böyük xoşbəxtlik ola bilməz”.
Bu sözləri sevilən xanəndə, Əməkdar artist Elnur Zeynalov Yenicag.az-a açıqlamasında doğum günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
O, rəqəmlərin onun üçün önəm daşıdığını bildirib:
“Yaş üstə yaş gəlir. Bəziləri deyir, rəqəmlərin heç bir önəmi yoxdur, amma mənim üçün var. 10 il tamam fərqli bir yaşdaydım, indi tam fərqli bir yaşda. İnsan yaşa dolduqca həyatı daha gözəl qavrayır, insanları daha gözəl tanıyır”.
Muğam ifaçısı ən yadda qalan doğum gününü doğulub boya-başa çatdığı Ağdamda – Güllücə kəndində qeyd etdiyini xatırladıb:
“Ən yadda qalan doğum günüm Ağdamın Güllücə kəndində olub. Hər il anam mənim üçün doğüm günü edib. Evin bir oğlu olduğum üçün doğum günümü xüsusi qeyd ediblər. Dekabrın 15-i bütün nəsil, qohum-əqrəba, hər kəs bilirdi ki, Elnurun ad günüdür, yığışardılar bizə. O günlər ömrümün ən gözəl və yadda qalan unudulmaz günləridir”.
Xanəndənin ən böyük arzusu da elə ömrünün ən gözəl çağlarını doğma Qarabağ torpağında yaşayıb, fəaliyyət göstərmək, muğamatımıza, mədəniyyətimizə, musiqimizə xidmətini orada davam etdirməkdir:
“Arzular heç vaxt tükənmir. Həmişə arzulamışam ki, doğma Ağdamda yaşayım, yaradım, tələbələr yetişdirim, musiqimizə, mədəniyyətimizə xidmətimi orada davam etdirim. Qalan ömrümü orada keçirmək istəyirəm. Şükür Allaha ki, bu arzum da reallaşmaq üzrədir. Dövlətimiz tərəfindən Ağdamda gözəl binalar tikilir, həyat yenidən dirçəlir, Qarabağ güllük-gülüstana çevrilib, orada gedən inkişaf dünyanın heç birində yoxdur. Mənim üçün bundan böyük səadət ola bilməz”.
Cəvahir












