Demokratların "İran tələsi": Trampı siyasi intihara kimlər sürükləyir?
“Tramp İranın təkliflərini qəbul etsəydi, bu, onun siyasi karyerasının sonu ola bilərdi”
Bu sözləri Yenicag.az-a açıqlamasında Ağ Partiyanın sözçüsü, siyasi analitik Cavanşir Abbaslı bildirib.

Analitik ABŞ lideri Donald Trampın İranın son təkliflərini rədd etməsinin səbəblərini şərh edib:
“İranın bu təkliflərinin Amerika tərəfindən qəbul edilməyəcəyi gözlənilən idi. Əks halda, bu, ABŞ-ın dünyadakı super güc statusunu itirməsinə səbəb olardı. Hesab edirəm ki, Vaşinqtonun mövqeyi tamamilə təbiidir və burada təəccüblü heç nə yoxdur. Əgər bu təkliflər qəbul edilərsə, bu, birbaşa Tramp hakimiyyətinin sonu ola bilər. Bilirsiniz ki, hazırda Amerikada aralıq seçkiləri yaxınlaşır. Demokratlar artıq Trampı kürsüdən uzaqlaşdırmaq üçün ciddi hazırlıq prosesi keçirirlər. Belə bir məqamda rəqib düşərgənin əlinə veriləcək ən böyük kozır Amerikanın İran qarşısında tam şəkildə məğlub görünməsi ola bilərdi. Zonsuz da İrana qarşı əməliyyatların fonunda ABŞ nisbi olsa da, məğlub durumda görünür. Belə bir şəraitdə rəqib tərəfindən irəli sürülən heç bir şərt qəbul edilməyəcək. Bu, birmənalıdır. Təsəvvür edin, İranın şərtlərindən biri Tehran və Livana qarşı hərbi əməliyyatların bərpa olunmayacağına dair rəsmi zəmanətin verilməsidir”.
“Şərtlər qəbul edilsə, nəticəsi ABŞ üçün nə ola bilərdi?” sualına isə C. Abbaslı belə cavab verib:
“Təsəvvür edək ki, Amerika bu şərtləri qəbul edir. Bu, dünya ictimaiyyəti tərəfindən kapitulyasiya sənədinə məğlub tərəf kimi qol çəkmək kimi dəyərləndirilərdi. Hörmüz boğazı məsələsində isə həm Amerikanın, həm də İranın inadkarlığı ortadadır. Tərəflərdən heç biri geri addım atmaq istəmir. ABŞ bu məsələdə müəyyən bir kompromis tapmağa çalışa bilər, lakin İranın mövqeyi barədə bunu demək çətindir. Tehranın nüvə proqramına gəldikdə isə, bunun Amerika üçün qəbul edilməz şərt olduğu aydındır. ABŞ onilliklərdir İranın nüvə iddialarına qarşı çıxan əsas dövlətdir. Münasibətlərin tam şəkildə korlanmasının və müharibə həddinə çatmasının kökündə məhz bu məsələ dayanır. Ona görə də amerikalıların bu şərtləri qəbul etməyəcəyi həm indi, həm də gələcəkdə ən real ssenaridir”.
Nurlan Cəfəri













