Deputatdan “millətə xəyanət” İTTİHAMI: “Ölkə də, xalq da çıxılmaz vəziyyətə düşə bilər”

“Pandemiya ilə mübarizədə qaydalara əməl etməyən günahkarlar cəzalandırılmalıdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri son günlər ölkədə koronavirusa yoluxma hallarının artmasına təsir edən səbəbləri dəyərləndirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Tahir Rzayevin fikrincə, ölkədə koronavirusa yoluxanların sayının artması ciddi narahatlıq doğursa da, bunu bəzi insanların sadəcə, biganəliyi kimi qiymətləndirmək düzgün olmazdı:

“Dəfələrlə deyilməsinə və müraciət olunmasına baxmayaraq, kimsə bilərəkdən qayda-qanunu pozur, sosial məsafə saxlamır, tibbi-gigiyenik qaydaları gözləmirsə, bu, dövlətin gördüyü mühüm tədbirlərə kölgə salmaqdır.

Həmin insanlar biganəlikdən daha çox millətə xəyanət edənlərdir. Qayda-qanuna məhəl qoymayanlar, yoluxanlar və həyatını dəyişənlər Azərbaycan vətəndaşlarıdır. Hadisələr də gözlərimiz qarşısında baş verir. Belə olan halda susmaq lazım deyil.

Qanun-qaydalar sərtləşdirilməli, ciddi tədbirlər görülməli, günahkarlar cəzalandırılmalıdır. Pandemiyaya qarşı mübarizə bəşəri mübarizədir. Xalqın, millətin təhlükəsizliyini pozanlar bağışlanmamalıdır. Əks təqdirdə, ölkə və vətəndaşlarımız çıxılmaz vəziyyətə düşə bilər.

Gülşən Şərif

COP29