Deputatdan Vaşinqton qərarına reaksiya: “Tarixi ədalət bərpa olunur”
“907-ci düzəlişin dayandırılması müddətinin uzadılması ədalətin təcəllisidir.”
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

Deputat ABŞ lideri Trampın əmrilə 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması haqqında memorandum imzalamasının haqlı səbəbləri haqqında danışıb və bu düzəlişin gələcəkdə tamamilə ləğvinin mümkünlüyünü diqqətə çatdırıb:
“Trampın 2 gün öncə 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə verdiyi qərar ədalətin bir təntənəsidir və reallığa əsaslanır. O dövrdə ermənilərin Azərbaycan torpaqlarını işğal altında saxladığı və işğalı hər gün genişləndirdiyi bir vaxtda 907-ci düzəlişin edilməsi bir haqsızlıq nümunəsi idi. Erməni lobbisi tərəfindən ABŞ administrasiyası senatorlarına edilən təsirin nəticəsi idi ki, işğal altında olan torpaqlarımız bir çox maddi imkanlardan məhrum edildi, yardımlar dayandırıldı. İşğalçı dövlət bu yardımlardan daha dolğun istifadə etməyə başladı. Uzun illər davam edən bu proses Tramp hakimiyyətə gəldikdən sonra 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanan o mühüm sənədlərdən sonra 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması haqqında qərar imzalandı. Sözsüz ki, bu düzəliş tamamilə ləğv edilməlidir və bu gözləniləndir. ABŞ və Azərbaycan arasında son illər münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Bir çox sahələrdə əməkdaşlıq genişlənib və dostluq əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı mühüm sənədlər qəbul edilir. Bu gün ABŞ Azərbaycanı özünə ən yaxın tərəfdaş kimi qəbul edir və Trampın Azərbaycan Prezidentinə ünvanladığı məktubda, eləcə də keçirilən görüşlərdə Azərbaycan rəhbərinə və dövlətinə verilən qiymət özünü göstərir. Bu düzəlişin ədalətsiz qəbulu Amerika rəsmilərinə, parlamentinə yaxşı məlumdur, amma müəyyən təsirlər nəticəsində bu düzəliş hələ də tam ləğv olunmur. Amma düşünürəm ki, dövlət rəhbərimizin apardığı müdrik siyasət və əməkdaşlığın genişləndirilməsi bu düzəlişin tamamilə ləğvinə gətirib çıxaracaq.”
Nurlan Cəfəri













