Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dilimizdə danışa bilməyən Xalq yazıçısının sərsəm fikirlərinə sözardı... - Səxavət Məmməd

Son günlərin gündəmini zəbt edənlərin başında Xalq yazıçısı , detektiv janrda yazmaqla ad çıxaran Çingiz Abdullayev gəlir. Çingiz Abdullayevin uşağa su verib rahatlamasını qoyaq bir kənara. Qoy o etdiyi xeyirxahlığın eyforiyasında olsun, gələk Qarabağ müharibəsi ilə bağlı iddiasına.

Çingiz Abdullayevin bir videosu yayılıb, yazıçı əminliklə deyir ki, Birinci Qarabağ müharibəsi olmayıb. Məntiqimizi işə salıb, Çingiz Abdullayevə haqq qazandırmaq üçün deyə bilərik ki, rusdillidir, bəlkə, fikrini düzgün ifadə etməyib. Ancaq Çingiz Abdullayevin videosuna axıra qədər baxanda anlamaq olur ki, yox, adam dediklərindən əmindir və elə bu əminliklə də danışır. 44 günlük müharibəni əsl müharibə adlandırır. Onun sözündən belə çıxır ki, birinci müharibə saxta olub.

Çingiz Abdullayevin səsləndirdiyi fikir, əslində, gələn dalğanın açıq ifadə olunmuş versiyasıdır. Çünki müharibədən sonra birinci müharibənin şəhidləri, ikinci müharibənin şəhidləri, birinci müharibənin veteranları, ikinci müharibənin vetaranları, əlilləri ayrı-seçkiliyi başlamışdı. Məmur səviyyəsində, kabinetlərdə olanları ilk dəfə Çingiz Abdullayev açıq şəkildə ifadə etdi.

Xalq yazıçısı olan biri bilməli idi ki, Azərbaycan Ordusu məhz müharibə apara-apara formalaşıb. Artıq özünümüdafiə batalyonları birləşdirilərək hərbi hissələr yaradılmışdı. Ölkənin Nüdafiə Nazirliyi, Qarabağ korpusu vardı. Güclü olmasa da, tam formalaşmasa da, ölkənin bir ordusu vardı.

Necə Birinci Qarabağ müharibəsi olmayıb ki, 18 min 500 nəfər şəhid vermişik?! O şəhidlərdən biri də məhz Çingiz Abdullayevin qardaşı olub. Çingiz Abdullayev deyir ki, qeyri-bərabər olduğu üçün birincini müharibə adalandırmır. ABŞ-İraq müharibəsində bir neçə ölkə ilə birgə Birləşmiş Ştatlar İraqı işğal etdi, Səddam Hüseyni taxtdan saldı. Nə(?), indi Səddam Hüseyin çıxıb deməliydi ki, oynamıram, siz bizdən güclüsünüz, sayılmır?! Bu nə məntiqdir?! Çingiz Abdullayev sadəcə olaraq hakimiyyətə yaranmaq üçün məsələni bu formada təqdim edir. Çingiz Abdullayev iddia edir ki, birinci müharibə vaxtı hakimiyyətimiz, ordumuz, pulumuz, silahımız olmayıb. Hakimiyyət olub, ya olmayıb, müharibə hakimiyyətlərin adına yox, dövlətin adına yazılır. Üstəgəl, Azərbaycanda hakimiyyət uğrunda mübarizə getsə də, hakimiyyət var idi. Xronologiyaya baxması bəs edər, məncə.

Gələk ordumuzun olmaması məsələsinə. Bu da ağ yalandır. Azərbaycanın ordusu olub. Həmin ordu məhz müharibə vaxtı formalaşıb. Geniş miqyaslı əməliyyatlar da həyata keçirib. Laçın dəhlizində belə Çingiz Abdullayevin olmayıb dediyi ordu post qurmuşdu. Məğlub olanda bunun üstündən xətt çəkməlisən? Çingiz Abdullayev iddia edir ki, silahımız olmayıb. Bu da tamamilə yalandır. Birinci müharibəni araşdıranlar yaxşı bilir ki, silah problemi yox, məhz keyfiyyətli döyüşçü problemimiz olub. Çingiz Abdullayevin məntiqi ilə düşünsək, ermənilər çıxıb rahat deyə bilər ki, İkinci Qarabağ müharibəsi olmayıb. Çünki ermənilərin “Bayraktar”ı, “Harop”u, son nəsil raketləri olmayıb. İnsan resursu baxımından da geri qalıblar. Neftləri isə heç yoxdur. Ermənilər çıxıb desin ki, siz güclü idiniz, bu müharibə sayılmır?

Çingiz Abdullayev deyir ki, sovet ordusuna pul verib torpaqlarımızı işğal edirdilər. Qardaşı Şuşada şəhid olan Xalq yazıçısı bilməli idi ki, bunu son dərəcə mükəmməl şəkildə həll edən məhz Şuşanın indiki adla desək, icra başçısı Mikayıl Gözəlov idi. Mikayıl Gözəlov məhz pulla erməniləri Qarabağdan rusların əli ilə çıxarırdı. Öldürüldü və hər şey dəyişdi.

Çingiz Abdullayev hər ikisini müharibə adlandırmaqla bir-birimizi təhqir etdiyimizi deyir. Çingiz Abdullayev daha sonra isə sosial şəbəkələrdə nə üçün təhqir olunduğu soruşur. Bu, ilahi ədalətdir. Məncə, təriflənəsi adam təriflənməli, təhqir ediləsi adam da təhqir edilməlidir. Konfutsinin belə bir fikri var: “Sizə pislik edən adama yaxşılıq etməyin. O zaman yaxşılığa nə ilə cavab verəcəksiniz?” Yaxşılıq edənə yaxşılıqla, pislik edən adama isə ədalətlə cavab verin. İnsanların haqqına girən insana bəy tərifi deyilməlidir?

Hakimiyyətə yaranmaq hissi olmasaydı, Çingiz Abdullayev bilməli idi ki, birinci müharibənin nəticəsində məğlub olsaq da, digər ərazilərin işğal edilməsinin qarşısı alındı. Yazıçı Tərtər döyüşlərini araşdırsaydı, bilərdi ki, əgər Azərbaycan Ordusu olmasaydı, Tərtər işğal olunardı və Azərbaycanın qərb bölgəsi ilə əlaqəsi təhlükə altında qalardı. Ümumiyyətlə, Azərbaycan Ordusunun o dirənişi olmasaydı, yəqin ki, daha bir neçə rayon işğal ediləcəkdi. Haramı düzündəki dirəniş olmasaydı, nələr olardı, Çingiz Abdullayev bu barədə düşünsə, yaxşıdır. Bu döyüşlərdə minlərlə insan şəhid oldu, əlil oldu. Əgər silah yox idisə, o döyüşlər nə ilə aparılırdı? Erməni güllə atırdı, Azərbaycanın hərbi geyimdə olan vətəndaşları də gül?

Çingiz Abdullayev dünya şöhrətli yazıçıdır. Detektiv janrı da təbii bulaq suyudur. Dolanmaq, yaxşı yaşamaq istəyi, hakimiyyətə yaranmaq hissi də kanalizasiya suyu. Bir bədəndə bulaq suyu ilə kanalizasiya suyu qarışanda bu cür məntiqsiz fikirlər meydana gəlir. Bu qədər sadə.

www.yenicag.az

893
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100