Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİM buraxılış imtahanı ilə bağlı komissiya yaratdı

9-cu sinif şagirdləri üçün buraxılış imtahanının 2020-ci il martın 1-də keçirilən birinci mərhələsinin nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna başlanılıb.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar.

“Ötən illərin təcrübəsi göstərir ki, ümumiyyətlə, tapşırığa cavab verməyənlər və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmayanlar da komissiyaya müraciət edirlər”, – mərkəzdən bildirilib.

Bundan əlavə, Dövlət İmtahan Mərkəzinin saytında imtahanda istifadə olunan sual kitabçaları, test tapşırıqlarının izahı da yerləşdirilib. İmtahan iştirakçılarına, həmçinin valideynlər, müəllimlər, ekspertlərə test tapşırıqları və onların izahı ilə tanış olmağı tövsiyə edirik.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər aprelin 20-22-də  apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən istifadə etməklə sistemə daxil olurlar. Burada “Ev telefonu”, “Mobil telefon”, “E-mail” bölmələrində müvafiq məlumatlar qeyd edilir. “Apelyasiyanın nəticələrinin izahını necə əldə etmək istəyirəm” hissəsində təklif olunan variantlardan biri seçilir. Şagirdin imtahanla bağlı hər hansı xüsusi bir qeydi varsa, “ümumi qeyd” hissəsinə yaza bilər.

“Daha sonra hər hansı bir tapşırığa verdiyiniz cavabın (və ya həllin) qiymətləndirilməsi ilə razı deyilsinizsə, həmin tapşırığın nömrəsini və iradınızın mahiyyətini aydın şəkildə müvafiq sahələrə daxil edib qarşısındakı “Yadda saxla” şəkil-düyməsinə basmaq lazımdır. Digər tapşırıqlara verdiyiniz cavabların da qiymətlərdirilməsi ilə bağlı iradlarınız varsa, əməliyyatı təkrar edin. Müraciətlərinizi tam formalaşdırandan sonra (müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur) fotoşəklinizin altındakı “Qeydiyyata al” düyməsinə basmaq lazımdır. Verilən məlumatı diqqətlə oxuduqdan sonra “Təsdiq et” düyməsini basmaqla müraciətinizi yekunlaşdırmış olursunuz. Müraciətinizlə bağlı araşdırma başa çatdıqdan sonra ərizədə qeyd etdiyiniz elektron poçt ünvanına və ya telefon nömrəsinə sizinlə bağlantının vaxtı barədə məlumat göndəriləcək”, – DİM-dən bildirilib.

Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Müraciətlərə aprelin 27-dən etibarən baxılmağa başlanılacaq.

www.yenicag.az

320