Dövlət su kadastrının yeni redaksiyada tərtib edilməsi məqsədilə müzakirələr aparılır - FOTO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin inzibati binasında Dövlət su kadastrının aparılması sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”ni rəhbər tutaraq “Azərbaycan Respublikası dövlət su kadastrının aparılması qaydaları haqqında Əsasnamə”nin yeni redaksiyada tərtib edilməsi məqsədilə yaradılmış təşkilatlararası İşçi Qrupun ilk görüşü keçirilib.
SIMDNX-dan verilən məlumata görə, görüşdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Kosmik Agentliyinin və digər təşkilatların nümayəndələri iştirak ediblər.
Görüş zamanı son dövrlərdə baş verən institusional dəyişikliklərə və beynəlxalq təcrübəyə əsaslanaraq Agentlik tərəfindən müzakirə üçün təklif olunan “Azərbaycan Respublikası dövlət su kadastrının aparılması qaydaları haqqında Əsasnamə”nin yeni layihəsi üzrə fikir mübadiləsi aparılıb.
Xüsusi olaraq səth və yeraltı su obyektlərinin kəmiyyət və keyfiyyət göstəriciləri üzrə monitorinqlərin və qiymətləndirmənin aparılması, məlumat bazasının, eləcə də avtomat informasiya sisteminin yaradılması, sudan istifadə sahəsində məlumatların təmin olunması sahəsində hər bir qurumun görəcəyi işlər müzakirə edilmiş və təşkilatlar üzrə kadastra daxil ediləcək məlumatların siyahısı müəyyən edilib.
Qeyd olunub ki, su ehtiyatlarının, xüsusilə də yeraltı suların vəziyyətinə dair kadastrın yeni formatda hazırlanmasının vacibliyi vurğulanıb. Eləcə də, dövlət su kadastrında müvafiq peyk məlumatlarından istifadəyə geniş yer verilməsi və s. istiqamətlərdə müzakirələr aparılıb.
Müzakirə zamanı səsləndirilmiş təklifləri nəzərə almaqla yekun layihə sənədinin qısa müddətdə İşçi Qrupunun üzvlərinə təqdim olunması qərara alınıb.