Qərb dünyası və Rusiya arasında münasibətlər göründüyü kimi daha da gərginləşir. Tərəflərdən heç biri geri addım atmaq istəmir. Böyük Britaniyada yaşayan sabiq rus kəşfiyyat agenti Sergey Skripalın yeməkxanada kimyəvi preparatdan zəhərlənməsilə nəticələnən hadisədən sonra Qərb-Rusiya münasibətləri yenidən gərginləşməyə başlayıb.
Belə ki, həmin hadisə Londonla Moskva arasında münasibətləri hədsiz dərəcədə ciddi məcraya yönəldib. London Skripalın zəhərlənməsində Kremlin əlinin olduğunu iddia edərək, Rusiyaya qarşı sərt addımlara keçib. 32 rus diplomatı İngiltərədə persona non-qrata elan edilib. Ardınca Böyük Britaniyaya dəstək olaraq ABŞ, Kanada, Ukrayna və 14 Avropa Birliyi ölkəsi də ümumilikdə, 100-dən çox Rusiya diplomatını çıxaracaqlarını bəyan ediblər. Moskva da bəyan edib ki, Qərbin sözügedən hərəkətinə qarşı adekvat addımlar atacaq.
Aydın məsələdir ki, Qərblə Rusiya arasında daha da dərinləşən gərgin münasibətlər dünyada cərəyan edən proseslərə təkcə siyasi deyil, həmçinin, iqtisadi müstəvidə də öz təsirini göstərəcək.
Bu iqtisadi təsirin nədən ibarət ola biləcəyini aydınlaşdırmaq üçün Yenicag.az olaraq iqtisadçı ekspert Natiq Cəfərliyə müraciət etdik. Həmsöhbətimiz düşünür ki, Rusiya ilə Qərb arasında münasibətlərin daha da kəskinləşməsi öz növbəsində dünya iqtisadiyyatına da mənfi müstəvidə təsir göstərəcək:
“Təkcə Rusiya ilə Qərb arasında gərginliyin artması deyil, habelə ABŞ-ın Çinlə ticarət müharibəsi, bir-birinə qarşı gömrük rüsumları tətbiq etmələrinin də dünyada gedən iqtisadi proseslərə müəyyən təsirləri ola bilər. Rusiyaya qarşı daha kəskin sanksiya dalğasının qəbulu əsasən də Avropa ölkələrilə iqtisadi münasibətlərə ciddi təsir göstərəcək. Rusiyanın neft və qazdan asılı olduğunu nəzərə alaraq, prosesin Moskvaya da böyük zərbə vuracağı istisna deyil. Dünyadakı iqtisadi münasibətlərin siyasətin qurbanına çevrilməsi heç də yaxşı hal deyil. Düşünürəm ki, yaranmış vəziyyət özünü iqtisadi müstəvidə prosesin daha da pisləşməsində göstərəcək.
Ən azı qarşıdan gələn bir neçə il dünyada ticarət müharibələrilə yadda qalacaq ki, bu da ümumi dünya iqtisadiyyatına mənfi təsir edəcək. Dünya ticarəti zəifləyəcək və onun təsiri bütün ölkələri, xüsusən də Rusiyanı bürüyəcək. Yan təsirlər hətta Rusiya ilə qonşu olan ətraf ölkələri də bürüyəcək. Ticarət dövriyyəsinin aşağı düşməsi istehsalın, o cümlədən iş yerlərinin və vətəndaşların real gəlirlərinin azalmasına gətirib çıxaracaq. Yəni proses zəncirvari olaraq, bütün sahələrə təsir göstərəcək. Lakin qarşıdan gələn bir-iki il ərzində ticarət müharibələri davam etsə də, sonrakı dövrdə yaranacaq vəziyyətin heç bir ölkəyə sərf etməyəcəyini anlayacaqlar. Nəticədə, bir müddətdən sonra müəyyən yumşalmalar olacaq, ölkələr daha sərbəst ticarətə üstünlük verəcək. Hələlik isə yaxın bir neçə ildə iqtisadi müstəvidə Qərblə Rusiya arasında münasibətlər kəskinləşəcək. Azərbaycana gəldikdə, ölkəmiz dünya ticarətində əsasən enerji daşıyıcıları ilə çıxış edir. Geosiyasi gərginliyin artması fonunda isə enerji daşıyıcılarının da qiyməti bahalaşır. Bu anlamda dünyada gərginləşən münasibətlərin Azərbaycana iqtisadi müstəvidə heç bir mənfi təsiri yoxdur. Ancaq Rusiya kimi böyük qonşuda problemlər gərginləşdikcə, orada yaşayan soydaşlarımızın vəziyyəti də pisləşəcək.
Onların Azərbaycandakı ailələrinə göndərdiyi vəsaitin həcmi azalacaq. Bu vəsaitin həcmi 2015-2016-cı illərdə azalsa da, 2017-ci ildə 12 faiz artmışdı. Lakin sözügedən gərginliyin artması fonunda bu rəqəm yenidən dəyişəcək. Yəni Rusiyada iqtisadiyyatın zəifləməsi dolayısı ilə ölkəmizə də təsir edəcək. Ancaq bir enerji daşıyıcısı olaraq, prosesin Azərbaycana elə də ciddi təsir göstərməyəcəyini düşünürəm”.
ELÇİN
www.yenicag.az