Dünyanın gözü Pekində: Tramp və Si Cinpindən ortaq "gələcək" mesajı
Dünya siyasətinin nəbzi bu gün Pekində döyünür. Çin Xalq Respublikasının Sədri Si Cinpin Böyük Xalq Zalında təşkil olunan rəsmi mərasimlə ABŞ Prezidenti Donald Trampı və onu müşayiət edən nümayəndə heyətini Çin hökuməti və xalqı adından səmimiyyətlə qarşılayıb.
Yenicag.az xəbər verir ki, Çin lideri çıxışında bu görüşü “tarixi səfər” kimi qiymətləndirib. O, “Çin millətinin böyük dirçəlişi” ilə Trampın “Amerikanı yenidən möhtəşəm et” (MAGA) hədəflərinin bir-biri ilə uyğunlaşaraq paralel irəliləyə biləcəyi mesajını verib.
Si Cinpin Çin-ABŞ münasibətlərini dünyadakı ən mühüm ikitərəfli əlaqə adlandıraraq vurğulayıb:

“Bu münasibətlər 1,7 milyard əhalisi olan iki ölkənin rifahını və dünyadakı 8 milyarddan çox insanın maraqlarını yaxından maraqlandırır.”
Beynəlxalq vəziyyətin “dəyişkən və çalkantılı” olduğunu qeyd edən Si, ABŞ-Çin münasibətlərində yeni səhifə açmaq üçün Prezident Tramp ilə birlikdə strateji bir yol xəritəsi cızmağa hazır olduğunu bildirib. Bu vizyonun növbəti üç il və ondan sonrakı dövrü əhatə edəcəyi xüsusi qeyd olunub.
ABŞ Prezidenti Donald Tramp Pekində “daha əvvəl heç olmadığı qədər möhtəşəm bir qarşılanma” ilə qarşılaşdığını qeyd edərək məmnunluğunu ifadə edib. Günün ilk saatlarında Si Cinpin ilə çox məhsuldar və “dəyərli” müzakirələr apardıqlarını vurğulayan Tramp, çinli həmkarına xitabən, “Sizinlə olmaq böyük şərəfdir”, – deyə bildirib. Tramp, Si Cinpin ilə tarixin ən güclü və uzunmüddətli liderlik münasibətlərinə sahib olduqlarını müdafiə edib.
Si Cinpini “böyük lider”, Çini isə “böyük ölkə” adlandıran Tramp, Çin xalqına dərin hörmət bəslədiyini dilə gətirib. O, rabitə və əməkdaşlığı gücləndirərək münasibətləri bənzərsiz bir səviyyəyə çatdıracağına söz verib:
“Prezident Si ilə birlikdə ünsiyyəti artırmaq, fikir ayrılıqlarını düzgün idarə etmək, ikitərəfli münasibətləri ən yüksək səviyyəyə çatdırmaq və parlaq gələcəyə addımlamaq üçün çalışacağam.”
Diplomatik təmasların davamı olaraq, Donald Tramp Si Cinpin və xanımı Pen Liyanı 24 sentyabrda Ağ Evə rəsmi səfərə dəvət edib.
Zirvənin ən maraqlı məqamlarından biri də ABŞ heyətindəki nüfuzlu şəxslər olub. Nümayəndə heyətində Pit Hegset, Stiven Miller və Apple-ın icraçı direktoru Tim Kuk yer alıb. Salonda hazır olan İlon Mask isə qonaqların böyük marağına səbəb olub; iştirakçıların onunla fotoşəkil çəkdirmək üçün növbəyə düzüldüyü görülüb.
Ayşən












