Dünyanın yeni düzənində müharibə hədəfi olan metallar - ARAŞDIRMA

media-hightechnic-468x90

Son 100 ildən çoxdur ki, dünyadakı müharibələrin əsas səbəbi enerji resursları (neft, qaz) üzərindədir.

Birinci və İkinci Dünya Müharibələri – Almaniya, Yaponiya və digər dövlətlər enerji resurslarına çıxış uğrunda mübarizə aparırdılar. Almaniyanın SSRİ-yə hücum səbəblərindən də biri bu idi. 20-ci əsrin ikinci yarısı Yaxın Şərqdəki neft və qaz ehtiyatlarına nəzarət uğrunda mübarizələrlə doludur. Suriyada baş verən proseslər də bununla bağlı idi. Qətər qazının Avropaya nəqli, buna qarşı çıxan güclərin müqaviməti və s. İran çevrilişi (1953) – ABŞ və Britaniya, neftin milliləşdirilməsinin qarşısını almaq üçün müdaxilə etdi. İraqın Küveyti işğalını (1990) da neft siyasətinin açıq nəticəsi kimi görə bilərik.

Soyuq Müharibə dövrü də ABŞ və SSRİ-nin müxtəlif ölkələrdə enerji resurslarına nəzarət etmək uğrunda savaş aparırdı (Əfqanıstan, Afrika, Latın Amerikası). 1990-cı illərdən sonra Xəzər hövzəsindəki enerji resurslarına görə Qərb, Rusiya və regional güclər arasında ciddi enerji çəkişməsi yaranmışdı. Əslində, həmin dövrdə Azərbaycanda baş verən proseslər, həm də enerji resursları uğrunda gedən savaşın tərkib hissəsi idi.

Hazırda baş verən müharibələr, xüsusilə Rusiya Ukrayna müharibəsini də bu kateqoriyaya aid edə bilərik. Faktiki olaraq Avropa ilə Rusiya arasında qaz böhranı, ABŞ-nin Avropanı özündən asılı salmaq üçün atdığı addımlar buna misal ola bilər.

media-a2

Hazırda Rusiya Ukrayna müharibəsinin mahiyyəti dəyişmək üzrədir. Əvvəl enerji resursları, onların daşınması, təminatı kimi görünən Rusiya Ukrayna müharibəsi mahiyyətini dəyişib. Bu müharibə hazırda nadir metallar uğrunda gedən savaş kimi ortaya çıxır. ABŞ-nin Ukrayna ilə nadir metallarla bağlı bağladığı müqavilə, müqavilə imzalanan ərəfədə Fransa tərəfinin buna qarşı çıxması və aylar öncədən danışıqlar apardığını bildirməsi məsələnin mahiyyətini ortaya qoyur. Avropa İttifaqının Mərkəzi Asiya ölkələrinə yatırımı da bu kateqoriyadandır.

Hazırkı müharibələrin coğrafiyası həm də enerji resursları ilə zəngin olan bölgələrin coğrafiyasını göz önünə gətirir.

Artıq, dünya yeni eraya qədəm qoyur – süni intellekt dövrünə.

Süni intellektin inkişafı bizə müharibə coğrafiyalarının dəyişəcəyinin mesajını verir. Hazırda “batareyalar”, yaxud ona keçid dövrünü yaşayırıq. Öncə batareyalar və süni intellekt üçün lazım olan metallara baxmaq lazımdır.

Süni intellekt sistemlərini işlədən serverlərin və superkompüterlərin enerji təminatı (batareyalar) üçün lazım olan nadir metal Litium sayılır. Litiumun əsas mənbəyi isə Çin, Cənubi Amerika, Avstraliyadır. Elektrik maşınlar, ümumiyyətlə batareyalar üçün ən vacib elementlərdən biri də kobaltdır. Dünyada bu elementin 70 faizdən çoxu Konqonun payına düşür. Yeri gəlmişkən Konqoda ABŞ, Çin, Rusiyanın səssiz savaş apardığının da şahidi oluruq. Ümumiyyətlə, Afrika yaxın gələcəkdə ABŞ, Rusiya və Çin üçün əsas poliqonlardan biri olacaq. Artıq bu yöndə ilkin addımların atıldığını da müşahidə edə bilərik. Belə ki, Pentaqon Rusiyanın Afrikada artan nüfuzuna və Rusiya Müdafiə Nazirliyinin Mali, Burkino Faso və Nigerdəki Afrika Korpusuna qarşı durmaq məqsədilə Mərakeşdə böyük xüsusi təyinatlıların təlim mərkəzini yaradır. ABŞ bu prosesə Türkiyəni də cəlb edib. Türkiyənin həm xüsusi təyinatlıları, həm də özəl hərbi şirkəti Afrikada ABŞ ilə birgə fəaliyyət göstərəcək.

Neodimium, Praseodimium, Disprosium kimi nadir torpaq elementləri serverlərdə, maqnitlərdə, soyutma sistemlərində, yüksək dəqiqlikli motorlarda istifadə olunur. Bu elementlərlə dünya bazarının 85 faizə qədərini Çin təmin edir. Türkmənistandakı səhralarda da nadir torpaq elementlərinə rast gəlinib. Hətta Çinin bu yöndə Türkmənistana təkilifləri barədə də məluatlar var. Ancaq hələki Türkmənistan bundan imtina edir. Gələcəkdə Türkmənistanın da mübarizə meydanına çevriləcəyinin şahidi ola bilərik.

media-a1

Qalium və Germaniy yüksək sürətli çiplər, optoelektronika (lazer sensorları, IR kameralar) vacib elementlərdir. Bu iki elementin əsas mənbələri isə Çin və ABŞ-dir.

Qızıl, Gümüş, Mis öz əhəmiyyətini saxlayacaq. Çünki Çiplər, bağlantı xətləri, serverlərdə yüksək ötürücülük üçün bu metallar lazımdır. Qızıl, gümüş, mis isə nadir metallar kateqoriyasına aid deyil. Yeri gəlmişkən Silisium da nadir olmayan elementlərdəndir. Ancaq Süni intellekt çiplərinin əsasını təşkil edir.

Çin dünya üzrə nadir torpaq metallarının 85 faizə qədərini emal edir. ABŞ və Avropa bundan narahatdır, Çindən asılılığı azaltmaq niyyətindədirlər.

Cənubi Amerika, xüsusilə Boliviya, Çili, Argentina litium ehtiyatlarının mərkəzidir. 2020-lərdən etibarən bu regionda böyük güclərin iqtisadi və siyasi mübarizəsi güclənib. Bu mübarizənin daha da dərinləşəcəyinin şahidi olacağıq.

Neft, qaz uğrunda mübarizələrin yerini süni intellektin inkişafı ilə bu sahə üçün vacib olan metallar uğrunda mübarizələr zəbt edəcək. Şübhəsiz ki, gələcəkdə müharibələrin coğrafiyaları süni intellekt, batareyalar üçün vacib olan metallar, nadir torpaq elementləri yayıldığı coğrafiyaları əhatə edəcək. Nadir metallar son dərəcə vacibdir. Hansı dövlətlər bu resurslara sahib olacaqlarsa, onlar da hegemon olacaqlar. Hansı coğrafiyalarda dövlətlər zəifdirlərsə, həmin dövlətlərin xalqları qanlı müharibələrə şahid olacaqlar.

Enerji münaqişəsi zonaları Yaxın Şərq, İraq, Səudiyyə Ərəbistanı, İran, Suriya, Şərqi Avropa və postsovet məkanı, Şimali Afrika, xüsusilə Liviya, Əlcəzair və sairdir.

Nadir metallar uğrunda mübarizənin coğrafiyası isə təxminən belədir: ABŞ, Konqo Demokratik Respublikası (KDR), Mərkəzi Afrika Respublikası, Zambiya, Boliviya, Çili, Argentina, Çin (Tibet, Sincan), Avstraliya, Rusiya və postsovet məkanından Qazaxıstan, Özbəkistan.

Cənubi Qafqaz ölkələrinə gəldikdə isə, bu region gələcəyin nadir metal müharibələrindən sığortalanmış kimi durur. Niyə? Çünki heç bir ölkədə bu metallara rast gəlinmir. Yalnız Ermənistanda litiumun olması barədə məlumatlar var. Ancaq bunun Ermənistanın gəlir mənbəyi olması barədə heç bir məlumat yoxdur. Ancaq region tranzit baxımından daim önəmini qoruyacaq kimi görünür.

Dünyanın hazırkı inkişaf istiqaməti gələcəyin mübarizələrinin mahiyyətini və onların coğrafiyalarını müəyyən edəcək…

Səxavət Məmməd

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa