Əcnəbi gənclər ölkəmiz haqda nələr danışdılar?-Foto
Son illər Azərbaycana xaricilər çox gəlib-gedir. Onların arasında müxtəlif işlər üçün –işgüzar səfərə, beynəlxalq tədbirlərə, idman yarışlarına, elmi dairələrdə görüşlərə və əlbəttə ki, turist kimi gəzməyə, görməyə gələnlər də var. Hamısında da ölkəmiz haqda müəyyən qənaət formalaşır. Ancaq təbii ki, bu gəlişlər uzunmüddətli olmadığından, fikirlər də tam, hərtərəfli olmur.
Digər tərəfdən, Azərbaycana xaricdən oxumaq üçün tələbələr də gəlir. Bu gənclər uzun müddət ölkəmizdə qalır, burada yaşayır, gündəlik həyatımızın içində olurlar. Biz də Azərbaycanı məhz onların dilindən eşidib, gözləri ilə görmək, eşitdiklərimizi və gördüklərimizi oxucularımıza çatdırmaq istədik. Bəri başdan deyək ki, cəmiyyətimiz, yaşamımız, mədəniyyətimiz, davranışımız, mentalitetimiz, milli-mənəvi dəyərlərimiz, məişətimiz, iqtisadiyyatımız, siyasətimiz və s. haqda kifayət qədər heyrətləndirici fikirlər eşitdik.
Beləliklə, Bakıda tələbə olan 3 əcnəbi – İspaniya vətəndaşı Enriki Lopez, İtaliya vətəndaşı Marqarita Toitou və Cənubi Koreya vətəndaşı Ahn Eunjoonla söhbəti təqdim edirik.
Dərslərin standart, sıxıcı keçməsi tələbələrin dərsə marağını azaldır…
– Azərbaycanın təhsil sistemi haqda fikirlərinizi öyrənmək istərdik…
Enriki López:– Düşünürəm ki, hər şey yolundadır, ancaq dövlət tərəfindən daha çox sərmayəyə ehtiyac duyulur. Məncə, müəllimlər daha çox qiymətləndirilməlidir, layiq olduqları maaşı almalıdırlar. Digər tərəfdən, texniki vasitələr artıq dəyişdirilməlidir. Tələbələr öyrənməyə daha çox əhəmiyyət verməli və müəllimlər öyrətməyə can atmalıdırlar. Mən bu ideya ilə razı deyiləm ki, müəllim auditoriyada otursun, dərsi diktə etsin və tələbə də butun günü köçürməklə məşğul olsun. Tədris olunan dərsi tələbə evdə özü də araşdırıb oxumalı və özü üçün nələrsə etməli, həmçinin, müəllimdən məsləhətlər almalıdır. Biz XXI əsrdəyik və Azərbaycan təhsil səviyyəsinə görə daha inkişaf etmiş ölkələrdən olmaq üçün kifayət qədər resurslara sahibdir. Buna görə də bir daha təkrar edirəm, daha çox sərmayə ayrılmalıdır.
Margarita Toitou: – Buraya “Erasmus Mundos” proqramı vasitəsi ilə gəlmişəm. Könüllü olaraq seçdiyim bir çox fənn var, hansı ki, mənim ixtisasımla əlaqəli deyil. Ancaq mövzu məni cəlb etdiyi üçün seçimlərim arasında onlara da yer vermişəm. İlk olaraq mənim təhsillə bağlı nə öz ölkəmdə, nə də Azərbaycanda hər hansı problemim olmayıb. Düşünürəm ki, məcburi şəkildə deyil, sırf bizə nələrsə qazandırsın deyə, təhsilimizdə uğurlar qazanmalıyıq. Sadəcə, fikrimcə, inkişaf etmiş ölkələrin praktikasından istifadə olunsa, daha yaxşı olar.
Ahn Eunjoon: – Düşünürəm ki, tələbələr dərslərə daha az can atırlar. Seçmə fənlər çox azdır. Bizdə -Cənubi Koreyada istədiyimiz fənləri özümüz seçirik və hər dəfə ayrı kollektivlə dərslərə giririk. Dərslərin standart olaraq, sıxıcı keçməsi tələbələrin dərsə marağını azaldır.
– Müəllimlər sizi çox sıxır? Heç olubmu ki, haqsızlıqla qarşılaşmısınız?
E.L.: – Anladım nəyi deyirsiniz. Xeyr, burda təhsil aldığım gündən məndən rüşvət tələb olunmayıb. Öz savadımla layiq olduğum qiyməti almışam. Ancaq bəzən belə halların baş verməsi haqda dostlarımdan eşitmişəm. Bir də ki, rüşvət dünyanın bir çox ölkələrində mövcuddur (gülür).
M.T.: – Bu haqda fikir bildirmək istəmirəm. Çünki rüşvət dünyanın istənilən güşəsində var. Ola bilsin ki, mən burada belə bir hallə rastlaşmamışam, ancaq bunun mövcudluğundan xəbərim var. Hətta İtaliyada belə rüşvət alan insanlar var, lakin həmin şəxslərin bu işi haqda məlumat yayılan kimi, ağır cəzalar tətbiq olunur. Ola bilər ki, vətəndaşın aldığı rüşvətin miqdarından asılı olaraq ona pul cəzası kəsilsin.
A.E.: – Ölkənizdə keçirdiyim müddət ərzində hər hansı rüşvət halı ilə qarşılaşmamışam. Hələ ki, hər şey normaldır. Ya da, biz xaricilərə belə mənfi cəhətləri göstərməmək üçün mümkün qədər əlverişli şərait yaradırlar. Yəqin ki, bundan sonra da korrupsiya halları ilə qarşılaşmaram.
Onlar bizdən çox fərqlidirlər…
– Yerli tələbələrlə münasibətiniz necədir? Bizim gənclərin xasiyyəti, davranışı sizinkindən çoxmu fərqlənir?
E.L.: – Bəzi tələbələr elm öyrənməyə maraqlı deyillər. Onlar ən asan yolla karyera qurmağa çalışırlar. Ancaq xoşbəxtlikdən bu istisna haldır, əksər tələbələr oxuyub, işləməyə çox maraqlıdırlar. Bir çox tələbələr müəllimlə dost olmağa can atırlar. Mən düşünürəm ki, müəllim tələbə ilə dost olmaz, eyni zamanda, düşmən münasibəti də bəsləməməlidir. Hər şey neytral olmalıdır ki, öyrənmə prosesi ləngiməsin. Bununla belə, çox zəngin mədəniyyətə sahibsiniz. Küçədə insanların rusca danışması, Sovet dövründən qalma heykəllər, binalar, türk mədəniyətini əks etdirən digər atributlar, rəmzlər hamısı buna ən yaxşı nümunədir. Bu qarışım çox maraqlıdır.
Həmçinin, neft resursları ilə əlaqədar olaraq ölkə çox sürətlə inkişaf etməkdədir. Bakı küçələrində hündür binalarla yanaşı, köhnə tikililər də görmək mümkündür. Bizdə -Avropada bu belə deyil. İnkişaf prosesi tədricən və çox ləng gedir. Eyni zamanda, insanların hərəkətləri və geyimləri də fərqlidir. Sanki iki ayrı dünya bir şəhərdə -Bakıda birləşib. Bu, sözün əsl mənasında, çox maraqlı və diqqət cəlbedicidir.
M.T.: – Yerli tələbələr ilk günlərdə məni qıcıqlandırırdılar. Səbəb isə öz dillərində anlaşılmayan ifadələr deyib mənə gülmələri idi. Zamanla buna öyrəşdim, ancaq deyə bilmərəm ki, tamamilə bu halla barışdım. Gənclərinizin kifayət qədər fərqli olduğunu qeyd etmək istərdim. Müəyyən bir qismi dərslərdə və bufetdə çay almaqda mənə kömək etməyə can atsa da, digər hissəsi məni ələ salmağı üstün tutur. Geyimim fərqlidir, ola bilsin, gülmələrinin səbəbi budur…
Çay içmə mədəniyyətiniz olduğunu düşünürəm. Ən vacib məsəslələri belə çaya qonaq edərək həll edirsiniz. Məndə belə təəsürat yaranıb…
A.E.: – Tələbələr arasında bir neçə dostum var. Onların maraq dairələri çox zaman mənim fikirlərimlə üst-üstə düşmür. Səbəb isə mənim çox sərbəst olmağımdır. Düşünürəm ki, adət-ənənələr arasında ciddi fərqlər var. Ancaq mən hamısına hörmətlə yanaşıram və təbii ki, öyrəşməyə çalışıram. Əminəm ki, bizim də adətlərimiz sizə fərqli gəlir.
Bir dəfə yeyib, dadı damağından getmir…
– Ölkəmizin müsbət və mənfi cəhətləri haqda danışın…
E.L.: – Müsbət cəhət odur ki, xaricilərə qarşı qonaqpərvər və səmimisiniz. Görməli, gəzməli, maraqlı yerlər çoxdur. Ölkənizin çox keçmişə söykənən tarixi var.
Mənfi cəhət isə ölkədə mövcud olan bərabərsizlikdir. Qiymətlərin baha olmasıdır. Düşünürəm ki, bütün bunlar Azərbaycanda gedən inkişafla bağlıdır.
M.T.: – Mənfi cəhət onu deyə bilərəm ki, taksi sürücüləriniz avtomobil idarə edən zaman hədsiz çox aqressiv olurlar. Məncə, səbrsizlik etmək lazım deyil. Axı, qarşıdakı avtomobilin qarşısında da bir başqası dayanıb, boş siqnal, sadəcə, baş ağrısına səbəb olur.
Müsbət cəhətləriniz isə, biz xaricilərlə söhbət etməyə can atırsınız və bu, bizi xoşbəxt edir. Keçən dəfə bir satıcı məni məşhur futbolçuya bənzətmişdi. Çox xoşuma gəldi.
– Bizim milli mətbəximizlə aranız necədir? Yeməklərimizə öyrəşə bilmisinizmi? Hansı yeməklərimizi xoşlayırsınız?
E.L.: – Xüsusilə sac və quzu kababını çox sevirəm. Əslində, elə də fərqli yemək deyil, çünki dünyanın hər yerində ət kababı və buna bənzər barbekülər bişirilir. Ancaq mən hər dəfə öz-özümə sual verirəm ki, necə olur da, sizin ölkədə bunu bu qədər ləziz bişirirlər? (Gülür).
Hələ ki, milli mətbəxlə tam yaxından tanış ola bilməmişəm. Lakin yediyim xörəklərinizi çox bəyənmişəm.
M.T.: – İndi adını xatırlaya bilmirəm, bir dəfə yemişdim, dadı damağımdan getmir. Qazanda düyü, ət və göy-göyərtidən ibarət yemək idi. Çox ləzizdi. Şəkərbura və paxlavanız isə əvəzolunmazdır. Sanki mətbəxinizlə tarixiniz arasında xüsusi bir bağ var. Bayram günlərində İçərişəhərdə bişirilən kababın şəhərdə yayılan qoxusu isə təbii ki, valehedici idi…
A.E.: – Bakıda olmaqdan çox məmnunam. Burada ləzzətli təamlar var. Dostlarımla daha çox alış-verış mərkəzlərindəki kafe və restoranlarda şam edirəm. Və deyə bilərəm ki, sizin aşpazlar çox gözəl xəmir xörəkləri və ət bişirirlər. Dadı çox xoşuma gəlir. Qış aylarında bir restorana getmişdim, orada dostum mənə düşbərə sifariş verdi, çox bəyəndim. Bir də, aşlarınızdan gələn qoxu insanı məst edir.
– Rayonlarımızda da olmusunuz?
E.L.: – Bəli, Azərbaycanın bir sıra rayonlarında olmuşam. Məni ən çox təəccübləndirən isə Bakı da daxil olmaqla, ölkənin digər rayonlarının vəhdət təşkil etməsi oldu. İnsanlar çox qonaqpərvər və mehribandırlar. Həmçinin, onlara çox maraqlıdır ki, bir xarici ölkəmizə nə üçün gəlib? Azərbaycanda nə edir, həyatı necədir? Ölkəmizdən razıdırmı?
M.T.: – Çox təəssüflər olsun ki, rayonlara getməmişəm. Belə imkanım olmayıb, çünki dərslərim və digər işlərimin çoxluğu səbəbindən ölkəni gəzə bilməmişəm. Burada Bulvar və İçərişəhəri gəzirəm. Çoxlu turistlər olur,özümü yad hiss etmirəm. İnsanlar çox səmimidir və bugünə qədər tanıdıqlarım içərisində elə də ciddi bir şikayətim yoxdur. Düzdü, bəzən fərqli görünüşümə görə mənə gülən olur. Buna isə artıq adət etmişəm.
A.E.: – Qrup yoldaşlarımla birlikdə Lənkərana getmişdim. Lənkəranda olan mənzərələr, meşələr və oranın havası çox gözəl idi. Bakıdan tam fərqli təbiətə malikdir. İnsanları da daha səmimi və istiqanlıdı. Orda mənə təndirdə bişən çörək və toyuğun arasında biraz turşuya bənzər dadı olan bir yemək təklif etdilər…
Vaxt olduqca, digər rayonlarla da tanış olmaq istərdim.
“Bakıda sevgililərin görünüşü ilə mənim ata-anamın sevgili olduğu vaxtlardakı görünüşü eynidir…”
– Universitetinizdən, ümumiyyətlə, Azərbaycandan bəyəndiyiniz qız varmı? Lap elə qız dostunuz, sevgiliniz… Sual oğlanlaradır.
E.L.: – Xeyr, sevdiyim bir qız yoxdur. Müşahidə etdiyim gənc sevgililərdə də bir çox nöqsanlar var. Bunu deyə bilərəm ki, Bakıda olan sevgililərin görünüşü ilə mənim ata-anamın sevgili olduğu vaxtlardakı görünüşü eynidir. Bir sözlə, sevgilidən edilən tələblər çox sadə və ucuzdur. Sevgi ilə ehtirası bəzən gəncləriniz səhv salırlar.
A.E.: – Koreyada sevgilim var. Ona xəyanət etməməyə çalışıram, ancaq bu çox çətindir. Baxmayaraq ki, burada qızlar çox gözəldir və mənlə ünsiyyətə can atırlar, ancaq sevdiyim qıza əsla xəyanət etməyəcəm. Onu da qeyd edim ki, buradakı qızların qapalı düşüncələri məni qane etmir. Ancaq çox səliqəli geyinirlər və baxımlıdırlar. Gənc qızlarınız düşüncələrini dəyişsələr, yaxşı olar.
– Ölkənizlə ölkəmizin oxşar və fərqli cəhətlərini nələrdə görürsünüz?
E.L.: – Fikrimcə, ən böyük fərq qadın-kişi münasibətlərindədir. Ölkənizdə yaşadığım müddət ərzində bunun fərqinə varmışam ki, cəmiyyət gənclərə çox ağır təzyiq tətbiq edir. Mənim vətənimdə vəziyyət tamamilə fərqlidir.
Həmçinin, erkən nikahları da qeyd etmək istərdim. Məsələn, mənim vətənimdə çox geniş yayılmış hal odur ki, evlənməmişdən əvvəl doğru insanı tapıncaya qədər bir çox münasibətimiz olur. Məncə, bu mövzuyla bağlı Azərbaycandakı vəziyyət mənim valideynlərimin 25-30 il əvvəl yaşadıqları dövrlə üst-üstə düşür.
Digər fərq isə boş vaxtların necə dəyərləndirilməsi məsələsindədir. Mənim həmvətənlərim bara getməyi və saatlarca dostları ilə maraqlı müzakirələr etməyi sevirlər. Ancaq burada isə bara getmək yerinə çay evlərində görüşürlər və əksəriyyəti də kişi olur. Bizim ölkəmizdə isə qadınlar da bara sırf yaxşı niyyətlə gedib, bir kokteyl alıb rəfiqələri ilə söhbət edə bilirlər. Sadəcə, 70 yaşından qoca dul qadınlar sizin gənc qızlar kimi evdə çay dəmləyib içir.
Bənzər cəhət isə insanlardır. Bizdə də sizdəki kimi insanlar açıqürəkli və yardımsevərdilər. Çox vaxt gülərüz münasibətlə qarşılaşsam da, bəzən aqressiya ilə də üzləşirəm.
M.T.: – Oxşar cəhət ondan ibarətdir ki, köhnə binalar və küçələr mənə ölkəmi xatırladır. Mərkəzin bəzəkli binalarındansa, sadə və uçuq-sökük tikililər daha çox diqqətimi cəlb edir…
Fərq isə təhlükəsizlik, asayiş məsələsindədir. Şəxsən mən ölkəmdə prospektlərdə gecəyarısı -saat 2-də musiqi dinləyərək gəzməkdən çəkinirdim. Bakıda isə bunu rahatlıqla edirəm. Hər tərəfdə polislər var və təhlükəsizlik maksimum dərəcədə təmin olunur. Deməzdim ki dünyanın ən təhlükəsiz ölkəsidir, xeyr, belə deyil, ancaq ən azından mənim ölkəmdən daha güvənlidir.
– Azərbaycanda təhsil alıb burda işləyəcəksiniz? Ümumiyyətlə, ölkəmizdə çalışanların maaşları sizi qane edir?
E.L.: – Ölkənizdə təhsil alıb burada işləmək istərdim. Xüsusilə də müəllim kimi fəaliyyətimi davam etdirməkdən məmnunluq duyardım. Düşünürəm ki, müəllimlər bu cəmiyyət üçün çox əhəmiyyətlidirlər. Qeyd edim ki, hal-hazırda mən onlayn dərs də alıram. Ancaq məncə, müəllimlik, həkimlik və s. kimi peşələr bu ölkədə iqtisadi baxımdan kifayət qədər yüksək dəyərləndirilmir. Hər şeyi zaman göstərəcək…
M.T.: – Ölkədə şərtlər ağır, maaş isə çox aşağıdır. Gün çıxandan gecə düşənə qədər işləyib, az maaşla ailə saxlayan insanlar görürəm. Ərzaq və digər məhsullar, avadanlıqlar, fikrimcə, bahadır. İnanmıram ki, işləmək üçün gələm. Ancaq ölkədə istiqanlı bir mühit var. Bununla belə, ailəm və İtaliyadakı dostlarım üçün çox darıxıram. Buna görə də ölkəmə dönməyi üstün tutardım.
A.E.: – Burada işləmək fikrim yoxdur. Çünki eşitmişəm ki, maaşlar çox aşağıdır. Həm də dilinizi bilmirəm və mənə çətin gəlir. Koreyada ailəm və sevdiyim qız var. Həyatımın geri qalanını vətənimdə yaşayacam. Ancaq ölkəniz çox gözəldir. Bəzi yerlər məni valeh edir. Gələcəkdə səyahət üçün yenə gələrəm, ancaq mən Koreyaya aidəm…(a24.az).