Əcnəbi miqrantların say artımı təhlükəsi…
Azər Allahverənov: “Əcnəbi miqrantların elə sahələrdə çalışdığını görürük ki, orada onlar yerli kadrların yerini tutmuş olurlar”.
Keçən ilin dekabr ayının 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 29,3 faiz artıb. Nəticədə sistemdəki əcnəbilərin sayı 22 112 nəfərə yüksəlib.
Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (11 815 nəfər) üzrə müşahidə olunub.
Görəsən, ölkəmizə işlməyə gələn əcnəbilərin sayının artması daxildə məşğulluq probleminin həllinə hansı tətdidlər yaradırmı?
Ekspert Azər Allahverənovun fikrincə, bu hal hələlik daxili məşğuluğa hansısa problem yaratmır: “Azərbaycana gələrək, burada əmək fəaliyyətilə məşğul olmaq istəyən əcnəbi miqrantlat iqtisadiyyatın elə bir sahəsinə yönəldilməlidir ki, orada onların əməyinə istər bilik və bacarıq, istərsə peşə ixtisası nöqteyi-nəzərdən ciddi ehtiyac var. Ayrı-ayrı dövlətlərin bu sahədə siyasətinə nəzər yetirsək görərik ki, ölkələr daha çox yüksək ixtisaslı miqrantların daxil olmasında maraqlıdır. Amma iqtisadiyyatın elə sahələri var ki, orada yerli kadrlar da kifayət qədərdir. Belə olan halda, xaricdən əcnəbilərin cəlb olunması heç bir məntiqə sığmır. Ona görə də dövlətlər spesifik, nadir ixtisasa malik insanların cəlb edilməsində maraqlıdır ki, onlar həm ümumi prosesin inkişafında iştirak etsin, həm də öz bilik və bacarıqlarını bölüşsünlər. Bu da nəticə etibarı ilə həmin istiqamətdə yerli kadrların yetişməsinə də təsir edən bir haldlr. Ölkəmizdə də bu tip yanaşma gündəmdə saxlanılmalıdır. Amma reallıq onu göstərir ki, bu gün Azərbaycanda olan miqrantların böyük əksəriyyəti heç də nadir ixtisaslara malik insanlardan ibarət deyil. Onlar tikinti, xidmət, iaşə sahəsində çalışan insanlardır ki, bu istiqamət üzrə də yerli kadrlar kifayət qədərdir. Əcnəbi miqrantların bu işlərə cəlb olunmasında maraqlı qüvvə rolunda şirkətlər çıxış edir. Həmin şirkətlərin çoxu da xarici şirkətdir ki, onlar da işə götürən zaman üstünlüyü məhz xarici kadrlara verir.
Marağımız ondan ibarət olmalıdır ki, əmək bazarında sosial gərginlik yaranmasın, yerli kadrlar işlə təmin olunsun. Yerli kadrlara vakant yerlərə işçi tapılmadıqda xaricdən əcnəbilər cəlb olunsun. Bu ideal bir sxemdir. Lakin reallıqda vəziyyət bir qədər fərqlidir. Nəticə etibarilə
əcnəbilərin elə sahələrdə çalışdığını görürük ki, orada onlar özləri istəsə də, istəməsələr də, yerli kadrların yerini tutmuş olurlar. Bu da təbii ki, əmək bazarında müəyyən gərginliyin yaranmasına gətirən haldlr. Belə şəraitdə yerli bazarda əcnəbilərin təmsil olunması potensial olaraq bizim kadrların itirilməsinə gətirib çıxaran haldır. Bütövlükdə götürdükdə ölkəmizdə əcnəbilər əsasən ticarət, iaşə, xidmət, yəni yüksək ixtisaslı peşəkarlara ehtiyacın olmadığı sahələri tuturlar”.
Rüfət