“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hərbi xidmətə…” – Hərbi ekspert
Nazirlər Kabinetinin təsdiqlədiyi “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nı hərbi jurnalist Üzeyir Cəfərov Yenicag.az-a belə şərh edib:
“Bu gün mətbuatda dərc edilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti (NK) tərəfindən təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası” sənədi ilə tanış olarkən bir sıra maraqlı məqamlar diqqətimi cəlb etdi. Bu Qaydaların ən cəlbedici məqamlarından biri sözsüz ki, bundan sonra Silahlı Qüvvələr (SQ) və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətə bağlaşma əsasında könüllü daxil olan Azərbaycan vətəndaşları ilə yanaşı həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin də xidmət keçə biləcəyi haqqında müddəadır.
Bundan əlavə, hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycanın qadın vətəndaşları da özlərinin razılığı ilə silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilmək şansı əldə edirlər. Hesab edirəm ki, NK tərəfindən rəsdiq edilmiş yeni qaydalar SQ üçün yeni bir abu-hava yaradacaq və yerlərdəki komandir və rəislər üçün əlavə imkanlar yaradacaqdır. İndi artıq birləşmə və hərbi hissə komandirləri, həmçinin SQ-dəki bütün kateqoriyadan olan idarə və müəssisələrin rəhbərləri ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan vətəndaşlarını, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxsləri bağlaşma əsasında həqiqi hərbi xidmətə onların müraciəti əsasında rahat qəbul edə bilərlər.
Bu gün açıqlanan müdəalar ilə bağlı xeyli vaxt idi ki, cəmiyyətdə müxtəlif müzakirə və mübahisələr aparılırdı. Çox yaxşı haldır ki, artıq bu məsələ də öz müsbət həllini tapdı və bundna sonra əlavə olaraq minlərlə insan öz bilik və bacarığını təkcə mülki həyatda deyil, eyni zamanda güc strukturlarının sıralarında tətbiq edə, inkişaf etdirə bilərlər. Alqışlanası bir sənəddir. Amma, o məqamı da qeyd etməyi zəruri sayıram ki, kadrların seçilməsinə və yerləşdirilməsinə xüsusi diqqət yetirilməlidir. Ən əsası da bağlaşma əsasında könüllü daxil olan Azərbaycan vətəndaşları ilə yanaşı əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə iş çox ciddi sürətdə aparılmalıdır. Mən burda indi bəzi incə məqamları çox da xırdalamaq istəməzdim, amma nə demək istədiyimi yəqin ki, müvafiq qurumlar özləri gözəl başa düşürlər. Bu sırf ölkəmizin müdafiəsi və təhlükəsizliyi ilə bağlı məsələlər olduğuna görə, burada kadr seçimi necə gəldi yox, ən sərt tələblər, yoxlamalar əsasında aparılmalıdır”.
Kamran/Yenicag.az