Ədəbiyyat Türk dünyasının ortaq nəfəsidir - FOTO
Ümumtürk ədəbiyyatı ortaq yaddaşımızı formalaşadırmaqla bizi ortaq gələcəyə aparır
Üçüncü məqalə
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasına başlayıb. 1 may 30 sentyabr tarixləri arasında reallaşdırılacaq layihə müasir dövrdə Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyır. Biz, ortaq dəyərlərimizi, ortaq mirasımız bilmədən etibarlı ortaq gələcək qura bilmərik. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bizim ailəmiz Türk dünyasıdır. Ailəmizin etibarlı təməllər üzərində qurulması həm də ortaq tarixi keçmişimizə sahib çıxmaqdan keçir. Layihənin məqsədi Türk dünyasında bu istiqamətdə atılan addımları, ortaq mirasımızla bağlı tarixi faktları türk dünyasına, o cümlədən uşaq, yeniyetmə və gənclərə çatdırmaqdır. Layihə çərçivəsində bir sıra işlərin görülməsi, həmçinin, mövzu ilə bağlı Türkiyə, Azərbaycan və digər türk dövlətlərindən olan mütəxəssislərin fikirləri əsasında 12 məqalənin hazırlanması nəzərdə tutulub. Müxtəlif sahələri əhatə edəcək həmin 12 məqalənin üçüncüsü oxuculara təqdim edilir.
Ədəbiyyat digər türk qardaşlarımızda ön sırada dayanır
Bütün bunların sadalanması ilə yanaşı, Özbəkistanın tanınmş yazıçısı, tərcüməçi, çoxsaylı ssenarilərin müəllifi, Özbəkistanın “Şöhrət” medalı laureatı Xasiyyət Rüstəmonu da qeyd etdi ki, Özbəkistan ədəbiyyatının gələcəyi artıq yalnız daxili inkişafla deyil, həm də ümumtürk mədəniyyətinə töhfə vermək niyyəti ilə ölçülür: “Bu niyyətə uyğun olaraq aşağıdakı istiqamətlər önə çıxır:Ortaq poetik platformalar yaranır. Yəni, türk ədəbiyyatı müəlliflərinin iştirakı ilə ortaq ədəbi jurnallar, yazı müsabiqələri, kollektiv antologiyalar hazırlanır; Ədəbi sərhədlərin ləğvi fonunda şair və yazıçılar arasında dil maneəsi getdikcə aradan qalxır. Bu da vacibdir. Çünki tərcümə, dil təlimləri, birgə yazı layihələri bu prosesin vacib alətləridir; Nəhayət, ədəbi-mədəni diplomatiya baxımından yanaşsaq, qeyd edə bilərik ki, ədəbiyyat yalnız estetik hadisə deyil, həm də ölkələrarası mədəni bağların sütunlarından biridir. Özbəkistanın mədəni siyasətində ədəbiyyat bu baxımdan strateji alətə çevrilməkdədir”.
Qazax ədəbiyyatı böyük çöllərin, bozqır epikasının, atlı fəlsəfəsinin daşıyıcısıdır
Digər türk xalqlarına gəlincə, Xasiyyət Rüstəm dedi ki, ədəbiyyat digər türk qardaşlarımızda ön sırada dayanır: “Məsələn, Qazax ədəbiyyatı böyük çöllərin, bozqır epikasının, atlı fəlsəfəsinin daşıyıcısıdır. Abayın irsi ilə formalaşmış milli poetika XX yüzildə Mağjan, Muxtar Auezov, Sabit Mukanov, Tölegen Ayberqanov, Mukağali Makatayev, Oljas Süleymenov kimi ustadlarla çağdaşlaşıb”.
Onun sözlərinə görə, bugünkü Qazax ədəbiyyatının əsas istiqamətləri aşağıdakılarıdır: “Birincisi, əfsanədən realizmə keçid: Qazax yazıçıları, özəlliklə də yeni nəsil, etnoqrafik təsvirlər və mifoloji simvollar üzərində qurulmuş realizm vasitəsilə çağdaş insanın axtarışlarını poetik müstəviyə çıxarır; İkinicisi, türksoy qarşılıqlı mühiti: Qazaxıstanda türk ölkələrinin ədəbi nümayəndələrinin qatıldığı “Ədəbiyyat Günləri”, “Abay Akademiyası” kimi platformlar, DGTYB xətti ilə gerçəkləşən layihələr ümumtürk ədəbi qarşılıqlı təsirinin önəmli ocaqlarına çevrilib. Ümumiyyətlə isə Qazax ədəbiyyatının əsas özəlliyi onun ritmindədir – sakit, lakin dərin; klassik, lakin çağdaş…”
Manas ruhunun çağdaş dönəmdə davamı
Qırğız ədəbiyyatına gəlincə vurğulandı ki, bu ədəbiyyat Manas dastanının içindən doğmuş, xalq ruhunu və epik nəfəsi çağdaş düşüncə ilə birləşdirib: “Çingiz Aytmatov bu ruhun çağdaş səsi, XXI yüzil türk ədəbiyyatının vicdanı olub. Əsas tendensiyalar isə aşağıdakılarıdr: Birincisi, Post-Aytmatov dönəmi:
Aytmatovdan sonra ədəbiyyat yeni suallar qarşısındadır: keçmişlə üzləşmə, yeni kimlik axtarışı və poetik dili saxlamaq dilemması; İkincisi, Ədəbi feminzmin yüksəlişi: Bəzi gənc qadın yazıçılar yeni mövzularda, yeni dillə yazaraq ədəbiyyatda gender aspektini gücləndirir. Ümumiyətlə, qeyd edə bilərik ki, Qırğız ədəbiyyatı üçün poetik yaddaş hələ də başlıca dəyərdir. Bu yaddaşın qorunması üçün türk ölkələri ilə ortaq çeviri və yayım layihələri önəmlidir”.
Azadi və Məhtimquludan güc alan Türkmən ədəbiyyatı
Nəhayət, Türkmən ədəbiyyatına gəlincə, X.Rüstəm qənaətinə görə, Türkmən ədəbiyyatının klassik dönəmi, özəlliklə XVIII yüzildə, Dövlətməhəmməd Azadi və onun oğlu Məhtimqulu Fəraqi kimi böyük şairlərin fəaliyyəti ilə zənginləşib: “Azadi, “Vəzi-Azad” adlı didaktik-fəlsəfi poeması ilə tanınır. Bu əsərdə o, toplumun əxlaqi və dini dəyərlərini təbliğ edib, kamil insan idealını önplana çıxarıb.
Məhtimqulu Fəraqi isə türkmən poeziyasının ən parlaq nümayəndəsi sayılır. Onun şeirlərində xalqın həyat tərzi, məişəti və duyğuları əks olunub, türkmən xalqının ensiklopediyası kimi qiymətləndirilib. Məhtimqulu, klassik və xalq şeiri gələnəklərini birləşdirərək, türkmən ədəbiyyatında realizm cərəyanının əsasını qoyub”.
X.Rüstəm onu da dedi ki, XX yüzilin sonları və XXI yüzilin əvvəllərində türkmən ədəbiyyatında yeni meyllər müşahidə olunur: “Bu dövrdə yazıçılar, özəlliklə 1980-ci illərin sonlarından etibarən, sosialist realizminin sərt qəliblərindən çıxaraq, tarixi və ictimai mövzulara yönəlib. Berdinəzər Xudaynəzərovun “Qumlular”, Oraz Yağmurun “Duman çəkiləndə”, Tirkiş Cumagəldiyevin “Qara İldırım” və Qılıç Quliyevin “Məhtimqulu” romanları bu yöndəki örnəklərdəndir. Bu əsərlərdə türkmən xalqının birliyi, azadlıq arzuları və milli kimlik məsələləri önplana çıxarılıb. Çağdaş türkmən ədəbiyyatında həmçinin, klassik irsə dönüş və onun yenidən interpretasiyası da diqqətəlayiqdir. Yazıçılar və şairlər, Azadi və Məhtimqulu kimi klassiklərin əsərlərindən ilham alaraq, çağdaş dönəmin problemlərini və çağırışlarını ədəbiyyat vasitəsilə ifadə etməyə çalışır”.
Yazını gələcəyə daşımaq həm də etibarlı gələcəyimiz üçün vacibdir
Yazımıza sön nöqtəini isə yenə də Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, Dünya Gənc Türk Yazarlar Birliyinin fəxri başqanı Əkbər Qoşalının fikirləri ilə vururuq. Onun qeyd etdiyi kimi, ümumtürk ədəbiyyatını düşünmək – bu günümüzü dərk etmək, gələcəyi bərqərar etmək deməkdir: “Ədəbi birlik sadəcə poetik nostalji deyil, həm də mədəni strategiya, identitet siyasəti, qlobal dünyada görünmək iradəsidir”.
Bəs, bunların fonunda gəncliyə nələri tövsiyə etmək olar sualına isə Əkbər Qoşalı aşağıdakı cavabı verdi: “Birincisi, ortaq ədəbiyyat dərslikləri məsələsi diqqətdə olmalıdır. Yəni, Türk dünyasının ümumi poetik xəritəsini təqdim edən dərsliklər, ortaq tədris proqramları hazırlanmalıdır; İkincisi, Ədəbi tərcümə institutları – hər türk respublikasında fəaliyyət göstərəcək və digər türk dillərinə çevirmə işlərini sistemləşdirəcək qurumlar formalaşdırılmalıdır; Üçüncüsü, “Ümumtürk Ədəbiyyat Antologiyası” – tarixi və çağdaş müəllifləri əhatə edən çoxdilli nəşrlər silsiləsi hazırlanmalıdır; Nəhayət, Ədəbi festivallar və sərgilər – “Türk Ədəbiyyat Həftəsi” kimi ortaq layihələr davamlı təşkil edilməlidir. Hesab edirəm ki, bu yolda yazıçıların, kulturoloqların, çevirmənlərin və oxucuların ortaq ruhi güclə hərəkəti – türk ədəbiyyatını yeni mərhələyə daşıyacaqdır”.
Cavid Şahverdiyev
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.