Əfv Komissiyasında hüquq müdafiəçiləri də olmalıdır?
“İstərdik ki, Əfv Komissiyasının tərkibinə 2 nəfər hüquq müdafiəçisi də təyin olunsun və onlar da bu komissiyanın iclaslarında səs vermə hüququ ilə iştirak etsinlər. Onların da bu komissiyada olması vacibdir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu söylədi: “Çünki, əfvlə bağlı prosesdə yaşanan bəzi məsələləri dəqiq bilməyəndə, əfvə düşmək üçün müraciət edənlər haqqında dəqiq informasiyalar olmayanda komissiya onları əfvə sala bilmir. Bu mənada İşçi Qrupundan iki nəfər hüquqşünas və hüquq müdafiəçisinin Əfv Komissiyasında təmsil olunması problemin həllinə kömək edərdi. Belə olarsa, Əfv Komissiyasında işlər operativ aparılacaq. Hazırda bu komissiyada elə insanlar təmsil olunub ki, onlar məsələni müzakirə edərkən ancaq məhkəmənin çıxardığı qərarlara istinad edirlər. Orada hüquq müdafiəçilərinin olması ilə isə harda hansı haqların pozulduğu da bəlli olacaq. Hüquq müdafiəçiləri olaraq bizlər siyasi məhbuslarla bağlı olmayan bir neçə işin yenidən baxılaraq, həbs olunanların yenidən məhkəm yolu ilə azadlığa çıxmasına nail olmuşuq. Ona görə də düşünürəm ki, Əfv Komissiyasında hüquq müdafiəçilərinin olması işin keyfiyyətinə müsbət təsir edə bilər”.
ELÇİN