“Əgər hüquq müdafiəçiləri həbs olunursa, …”
Bu gün mətbuatda ALP lideri Lalə Şövkətin ölkədəki müharibə şəraitini nəzərə alaraq qan fondu yaradılması təklifiylə çıxış etməsi, daha doğrusu, partiya sədri Əvəz Temirxanın onun adından belə bir açıqlamada bulunması birmənalı qarşılanmadı. Haqlı sual yarandı ki, niyə Lalə xanım ümumiyyətlə siyasi fəaliyyətini demək olar ki, dondurub və mətbuatdan qaçır? Ən azından son həbslərlə bağlı mətbuata çıxaraq öz etiraz səsini qaldırmır…
Əvəz Temirxansa bu ittihamlarla razılaşmır və açıqlamasında Lalə Şövkətin məsələyə mövqeyini bir daha çatdırır:
“Son zamanlar hakimiyyət tərəfindən atılan repressiv addımları Lalə xanım pisləyir və Azərbaycan xalqının, eyni zamanda Azərbaycan dövlətinin imicinə ləkə olduğunu bildirir. Lalə xanım onu da bildirib ki, əgər hüquq müdafiəçiləri həbs olunursa, o zaman ilk növbədə Azərbaycanın Dağlıq Qarabağda yaşayan erməni vətəndaşlarının hüquqlarını qoruyacağı barədəki bəyanatlarına beynəlxalq inam heçə endirilir. Lalə xanım hesab edir ki, bu həbslər Azərbaycanın dövlət maraqlarına zərbədir. Bilirsiniz ki, hakimiyyət daxilində müxtəlif qruplaşmalar var. Hakimiyyətdaxili həmin mürtəce qüvvələr də Leyla Yunusun, İntiqam Əliyevin və digərlərinin həbsinə nail olmaqla bilərəkdən Azərbaycan dövlətinə problem yaradırlar.”
Əvəz Temirxan bu gün son həbslərlə bağlı KXCP qərargahında baş tutacaq toplantıya qatılacağını bildirdi:
“Bütün müxaliət partiyaları olan yerlərdə biz varıq, palatalar olan yerlərdə yoxuq. Mən keçən dəfəki tədbirdə iştirak etmişəm və bu dəfə də çalışacam ki, orada olum və bildirim ki, bu cür palatalar yaradılmasının özü həbsdəkilərin hüquqlarını qorumaq əvəzinə onlara əlavə problemlər yaratmaqdır.”