!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əkrəm Əylisli yaşının bu çağında da özünə lənət qazandırmaqdan əl çəkmir” – REAKSİYA

!Reklam – Yazi

“Ancaq onlar unutmamalıdırlar ki, millətin taleyi ilə bağlı məsələlərdə plüralizmə aludə olmağa gərək yoxdur”.

Bu fikirləri 4-cü Milli Kitab Sərgisində çıxış edən yazıçı Əkrəm Əylislinin növbəti dəfə ermənipərəst fikirlər səsləndirərək Azərbaycan xalqını aşağılayan mövqe sərgiləməsinə münasibət bildirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözləriə görə, Əkrəm Əylislinin “Daş yuxular” əsəri kimi rəzalətdən sonra yenidən durub belə fikirlər səsləndirməsi çox böyük həyasızlıqdır:

“Milli maraqlara zidd çıxışlarına görə Əkrəm Əylisli haqqında çox deyilib-yazılsa da, görünür, bu adam dəyişmək, yaxud da heç olmasa, öz xislətini gizlətmək niyyətindən çox uzaqdır. Bu qədər proseslər baş verib, xalq necə faciələr yaşayıb, amma o ermənilərə rəğbətini hər fürsətdə və müxtəlif formalarda ifadə etməkdən qalmır. Yəqin, gördüyü tərbiyənin, ya da qarışıq ailə mənsubluğunun təsiridir.

“Daş yuxular” əsəri kimi rəzalətdən sonra yenidən durub belə fikirlər səsləndirmək çox böyük həyasızlıqdır. Amma Əkrəm Əylisli nə yazırsa-yazsın, erməniləri necə istəyirsə, tərifləsin, bu, reallığı dəyişmir. Ona görə də xalq onun kimi adamları hər zaman lənətləyir. Nə edəsən, səksən yaşı var, bir ayağı burada, bir ayağı gorda, amma yenə də özünə lənət qazandırmaqdan əl çəkmir.

Digər tərəfdən, fikrinə, ermənipərəst mövqeyinə bələd olduğumuz Əkrəm Əylisliyə bu tribunanın verilməsi də diqqət yetiriləsi məsələdir. O sərgini təşkil edən rəsmi, yaxud da qeyri-rəsmi qurumlar bu adamın nə danışacağını bilə-bilə ona bu imkanı yaratmamalı idilər. Bilirsiniz, bəziləri özünü ifrat dərəcədə Qərb dəyərlərinin daşıyıcısı qismində göstərməyə, fikir plüralizminə sadiq olduqlarını nümayiş etdirməyə çalışırlar. Ancaq onlar unutmamalıdırlar ki, millətin taleyi ilə bağlı məsələlərdə plüralizmə aludə olmağa gərək yoxdur.

Cümhuriyyətin liderlərini xatırlayaq. Hamısı demokrat olsa da, milli ideyalara söykənirdilər, özlərini millət yolunda fəda etməyə hazır idilər. İndi bu adamlar demokratiklik baxımından o şəxsiyyətlərin dırnağı da ola bilməzlər. Həm də iş tək bu məsələdə və Əkrəm Əylislidə də deyil.  Baxırsan ki, bir deputat, yaxud siyasətçi orijinal görünmək üçün durub hansısa tarixi şəxsiyyətimiz haqqında ağzına gələni danışır. Deyən də yoxdur ki, deputatsan, siyasətçisən, get öz işinlə məşğul ol, sənin bu millətin qəhrəmanları ilə, Şah İsmayılla, Babəklə nə işin var?

Əminəm ki, istər hakimiyyət, istərsə də müxalifət daxilində, o cümlədən cəmiyyətin özündə milli mənafeləri hər şeydən üstün tutan kifayət qədər insan var. Onlar bütün məsələləri yerbəyer etməyə qadirdirlər”.

A.Zeynalov

www.yenicag.az

897
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv