!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eks-prezidentdən müəmmalı geri dönüş: "Saakaşvili hakimiyyətə qayıtmağa iddialıdır"

!Reklam – Yazi

“Cənubi Qafqazda regional şərtlərin dəyişdiyi bir zamanda Tiflisi yenidən regionun mərkəzi kimi görmək istəyən kənar qüvvələr var”.

Bunu Gürcüstanın sabiq prezidenti və hazırda Gürcüstanda həbs qərarı olan Mixeil Saakaşvilinin Batumidə olması ilə bağlı yayılan video görüntüləri dəyərləndirən politoloq Yeganə Hacıyeva Yenicag.az-a açıqlamasında deyib.

Politoloqa görə, rəsmən Ukraynanı tərk etməyən, amma Gürcüstanda olduğunu söyləyən Saakaşvilinin ölkəyə necə dönməsi haqqında müxtəlif versiyalar var:

“Bu versiyalardan biri Saakaşvilinin ölkəyə dəniz yolu ilə qeyri-leqal daxil olması versiyasıdır. Ötən gün dənizdə qasırğanın olmasına baxmayaraq, Batumi limanına Rumıniyadan və Ukraynadan iki yük gəmisi yan alıb. Həmin gəmilərdən birində Saakaşvilinin də olması istisna deyil.

Bir sözlə, Saakaşvilinin ölkəyə qayıtması hekayəsi sıravi gürcü üçün çox cazibədar hekayədir. Eks-prezident haqqında 4 cinayət işi üzrə cəza olmasına baxmayaraq, həbs olunmaqdan qorxmayaraq gəmidə, qasırğada geri dönüb. Bu, Saakaşvilinin sıravi gürcü seçicisinin pərəstişini qazanmaq üçün çox maraqlı PR gedişdir. Onu da qeyd edim ki, Saakaşvili belə gedişlərin ustasıdır.
Gürcüstan DİN-in xüsusi təyinatlılarının Batumiyə yola düşdüyünü əks etdirən kadrlar yayılıb. Hakimiyyət Saakaşvilinin qayıtdığını təsdiqləməsə də, görünür, onun həbsi üçün xüsusi əməliyyat hazırlanır”.

Yeganə Hacıyeva qeyd edib ki, partiyadaşları “Vahid Milli Hərəkat” müxalifət partiyasının üzvü, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili oktyabrın 2 -də seçki məntəqələri bağlandıqdan sonra rəsmən ictimaiyyət qarşısına çıxacağını iddia edir:

“Hakimiyyət rəsmiləri isə bəyan ediblər ki, Saakaşvili qayıdan kimi birbaşa aeroportdan həbsxanaya aparılacaq.

Gürcüstan vətəndaşları arasında dəstəyinə gəlincə, reformator prezident kimi gürcülər onu xatırlayırlar. Lakin bu dəstəkdirmi? Məncə, xeyr. Mixeil Saakaşvili sıravi gürcü vətəndaşının yaddaşına müharibəni uduzmuş prezident kimi həkk olunub.

Məhz onun hakimiyyəti illərində ölkədə qanunun aliliyi, müstəqil məhkəmə, hesabatlı hökumət, iqtisadiyyatın inkişafı üçün münbit şərait və siyasi bir sistem, bu sistemin idarəçiliyində yetişən yeni qərbyönümlü nəsil formalaşmışdı.

İlkin illərdə elə bir təəssürat var idi ki, ondan sonra ölkədə rəhbərin kim olmasından asılı olmayaraq, bu sistem həmişə işlək və güclü olacaq.

Amma Saakaşvilinin prezident olduğu zamanlarda Gürcüstanda qurduğu sistem çoxdan relsdən çıxıb”.

Politoloqun fikrincə, keçən seçkidə saxtakarlıq faktlarının aşkar edilməsi və Saakaşvilinin partiyasına dəstək verdiklərinə görə azərbaycanlılara qarşı güclü təzyiqlər oldu. Bu proseslər Gürcüstanın adının ətrafında formalaşdırılmış demokratik sistem hekayəsinin sarsılması idi:

“Seçki sonrası Gürcüstan DİN-in açdığı cinayət işlərinə görə həbs edilənlərin əksəriyyəti məhz etnik azərbaycanlılar idi.

İnsan haqqları müdafiəçiləri isə həbs olunmuş həmyerlilərimizin ilkin məhkəmələrində günahları sübuta yetirilməməsinə rəğmən haqlarında girov qarşılığında azad edilməməsi, gənclər barəsində iki aylıq həbs-qətimkan tədbirləri seçməsi haqqında hesabatlar tərtib etmişdilər. Bu həbslər həmyerlilərimizin, xüsusilə gəncliyin gözünü qorxutmaq, təkrar və sonrakı seçkilərdə onların seçki fəallığını azaltmaq məqsədilə həyata keçirildi.

Demokratiyanın neqativ məqamlarından biri də məhz mövcud sistemdə ölkə daxilində digər arzuolunmaz qüvvələrin, dini, radikal millətçi və s. kimi arzuolunmaz ideoloji qrupların inkişafına təkan verib. Gürcüstanda həmin qüvvələr azadlıqlardan öz inkişafları üçün sui-istifadə ediblər.

Bu gün hazırda bu iddianın gerçəkləşməsi üçün real zəmin yoxdur”.

Gülşən Şərif

www.yenicag.az

927
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv