Ekspert Tarif Şurasının əsaslandırmasını ÇÜRÜTDÜ: “Gediş haqqının artması daşıyıcı şirkətləri zərərə salır” – AKTUAL

“Sərnişindaşıma ilə bağlı fəaliyyətə dövlət tərəfindən yenidən baxılmalıdır”.

Bu sözləri şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında məsafəyə uyğun sərnişin biletlərinin qiymətinin bahalaşmasını şərh edən nəqliyyat eksperti Elməddin Muradlı Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, ictimai nəqliyyatda gediş haqqının qaldırılması minik avtomobillərinə marağı artıracaq:

“Son vaxtlar ölkədə baş verən qiymət artımı sərnişindaşıma sisteminə çox ciddi şəkildə təsir edib. Elə bir sahə yoxdur ki, orada qiymət artımı müşahidə olunmasın. Əgər yanacağın qiyməti qalxırsa, taxılın da qiyməti bahalaşır. Çünki kombaynçı taxılı baha qiymətə biçdiyini bildirir. Yəni bütün sahələr bir-birilə zəncirvari bağlıdır. Sərnişindaşıma elə bir sahədir ki, qiymətləri dövlət tənzimləyir. Ona görə də sərbəst qiymət artımına şərait yaradılsa, daha ağır mənzərə ilə üzləşə bilərik. Lakin bu tənzimləmə də çıxış yolu deyil. İctimai nəqliyyatda gediş haqqının artması daşıyıcı şirkətləri zərərə salır. Çünki sistemə inam azalır və nəticədə insanlar şəxsi avtomobillərə daha çox maraq göstərirlər. Ona görə də sərnişindaşıma ilə bağlı fəaliyyətə dövlət tərəfindən yenidən baxılmalı və hansısa formada dəstək göstərilməlidir. Hər şey sadəcə qiymət artımından ibarət deyil”.

Qeyd edək ki, yeni qiymətlər fevralın 3-dən qüvvəyə minir. Sərnişin biletlərinin yeni tarifləri ilə buradan tanış ola bilərsiniz.

Gülşən Şərif

COP29