“Elmi sahədə “yağ yağ, ayran ayran yerinə” qoyulmalıdır”
“Elm haqqında qanun” yenidən gündəmə gəlib. Yenicag.az-a açıqlama verən AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva hesab edir ki, “Alimlərin uzun illərdən bəri intizarla gözlədiyi “Elm haqqında qanun”un qəbulu, əlbəttə, sevindirici və məqbul haldır. Həm də bu tipli qanunlar qəbul edildikdən sonra da zaman-zaman müzakirə olunmalı, dövrün tələbinə uyğun tərzdə daim fəaliyyətdə olmalıdır. Yoxsa bu sadəcə görüntü yaradıb, müəyyən bir qrupun maraqlarına hesablanmaqla icra olunacaqsa, onda elmi mühitə ondan heç bir fayda dəyməyəcək. Azərbaycan elmi mühitində irəliləyişə nail olmaq üçün, birinci növbədə, elmi mühit sağlamlaşdırılmalı, “yağ yağ, ayran ayran yerinə” qoyulmalıdır”.
Alim hesab edir ki, “Elmi fəaliyyətin dəyərləndirilməsində saxta bərabərləşdirilmədən əl çəkilməlidir. Elmi inkişafın qarşısında ciddi əngəl törədən səbəblərdən biri də budur. Elmdə irəliləyiş adı altında şəxsi münasibətlər, müxtəlif yollarla elmi müəssisələrdə özünə yer tutan “ballast”lara üstünlük verilməməli, seçim konkret, digər ölkələrdə sınaqdan keçmiş modelə əsaslanmalıdır”.
Səadət Şıxıyevanın fikrincə, “bizə bir çox cəhətdən Türkiyə modeli uyğundur. Birdəfəlik zamanı çoxdan keçmiş sovet dövründən qalma elmi pillələr (namizədlik, doktorluq) və qarışıq – sovet və Avropa üsullarının süni sintezindən əl çəkilməli, vahid və aydın bir istiqamət seçilməlidir. Türkiyədə bu baxımdan elmi ad və vəzifələr üçün konkret tələblər müəyyənləşdirilib. Onları örnək olaraq götürmək olar. Elmə müxtəlif nəsillərin nümayəndələrinin cəlbi sadəcə çoxluq, kəmiyyət dəyişikliyinə gətirib çıxarır”.
Kamran/Yenicag.az