Elnarə Akimova: “Bu, yığılıb qalmış narazılığın məntiqi nəticəsidir”
“Siz ədalətdən danışdığınız halda, ədalətin əsas prinsiplərini pozursunuz”
Yenicag.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırması və sözügedən qurumun ölkəmizə qarşı təxribat xarakterli bəyanatlarına münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, Avropa Parlamenti son illərdə obyektiv vasitəçi yox, qərəzli tərəf kimi çıxış edir:
“Avropa siyasi dairələrinə bunu açıq demək lazımdır: siz ədalətdən danışdığınız halda, özünüz ədalətin əsas prinsiplərini pozursunuz. Regionda baş verən hadisələrə bu qədər selektiv və ikili standartlarla yanaşmaq nə hüquqa sığır, nə də Avropanın iddia etdiyi dəyərlərə.
Milli Məclisin Avropa Parlamenti ilə əlaqələri dayandırması, parlamentlərarası komitədə iştirakına son qoyması və Avronest Parlament Assambleyasında üzvlüyə xitam proseduru təsadüfi addım deyil. Bu, uzun müddətdir yığılıb qalmış narazılığın məntiqi nəticəsidir. Əgər tərəfdaşlıq birtərəfli ittihamlar üzərində qurulursa, həmin platformalarda qalmaq sadəcə formal xarakter daşıyır və heç bir real fayda vermir. Bu mövqenin arxasında təkcə ‘narahatlıq’ yox, həm də illərdir formalaşmış qərəzli təsir şəbəkələri dayanır”.
Elnarə Akimova vurğulayıb ki, Azərbaycana qarşı təxribat törədən parlament üzvlərinin arxasındakı qüvvələr hər kəsə bəllidir:
“Avropada güclü təşkilatlanmış erməni diasporu Avropa İttifaqı institutlarında aktiv şəkildə işləyərək informasiya gündəliyini manipulyasiya edir. Ayrı-ayrı deputatların çıxışlarında eyni tezislərin təkrarlanması bu təsirin sistemli olduğunu göstərir. Azərbaycan beynəlxalq hüquqla öz ərazi bütövlüyünü bərpa edib. Bu faktı görməzdən gəlib bizi ‘işğalçı’ kimi təqdim etmək ya açıq savadsızlıqdır, ya da məqsədli qərəzdir.
Biz heç bir təzyiq dilini qəbul etmirik. Rəsmi Bakı qərəzli münasibət qarşısında susmaq niyyətində deyil və lazım gəldikdə siyasi münasibətlərin formatını dəyişməkdən çəkinmir. Kiminsə təsiri ilə formalaşan mövqelər regionda sülhə deyil, yalnız Avropanın öz nüfuzunun itirilməsinə xidmət edir”.
Nurlan Cəfəri













