!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elnur Allahverdiyev: “Milli Məclisdə fəaliyyətə başladığım andan sahibkarlıq fəaliyyətimə son vermişəm” - MÜSAHİBƏ

!Reklam – Yazi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Elnur Allahverdiyevin APA-ya müsahibəsi

– Niyə parlament seçkilərində iştirak etmək qərarı verdiniz?

– Mənim namizədliyim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Bu vaxtadək mən Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri vəzifəsində çalışmışam. Bundan əlavə, sahibkarlıqla məşğul olmuşam, uğurlu biznes-layihələrə müəlliflik etmişəm. Paralel olaraq ictimai həyatdan da kənarda qalmamışam, ciddi, cəmiyyət tərəfindən müsbət qarşılanan bir sıra sosial aksiyaların iştirakçısı olmuşam.

2018-ci ildə keçirilmiş Prezident seçkilərindən sonra dövlət başçısı ölkədə genişmiqyaslı kadr və struktur islahatlarına start verib. Bu dəyişikliklər əsas etibarilə icra hakimiyyətinin strukturlarında özünü göstərib. Cənab Prezidentin dediyi kimi, dövlət aparatının bütün qollarında baş verən köklü yeniliklər fonunda qanunverici orqanın bu prosesdən kənarda qalması məntiqi olmazdı. Bu səbəbdən hakim və ölkənin ən böyük partiyası da parlamentə namizədliyə yeni kadrlar irəli sürməli idi. Düşünürəm ki, bu nöqteyi-nəzərdən yanaşsaq, Yeni Azərbaycan Partiyası indiyədək olan fəaliyyətimi diqqətdən kənarda qoymayıb və mənim namizədliyimi irəli sürüb. Təbii ki, mən də bütün məsuliyyətimlə mənə göstərilən bu etimadı doğrultmağa çalışacağam.

– Sizcə, seçicilər niyə rəqiblərinizə deyil, sizə səs verdilər?

– Əvvəla onu deyim ki, mən hər bir rəqibimə həm təşviqat kampaniyası dövründə hörmətlə yanaşmışam, həm də indi. Rəqabət bir yarışdır, düzdür, açığını deyim ki, mən onlardan bəzilərinin mübarizə üsullarını təqdir etmirəm. Şər atmaq, böhtan yağdırmaq nə mənim partiyamın, nə də mənim mübarizə üsulumdur. Siz fikir vermisinizsə, seçki kampaniyası dövründə nə mənim, nə də mənim komandamın hər hansı üzvü tərəfindən rəqiblərimin ünvanına bir dəfə olsun belə alçaldıcı ifadə səslənib. Fikrimcə, əməkdaşlıq, xoş münasibət, sabitlik, həmrəylik istəyən seçici üçün bu, çox mühüm faktordur.

Digər tərəfdən, biz təşviqat kampaniyası çərçivəsində çox aktiv təbliğat işləri aparmışıq. Təsəvvür edin, təqribən 3 həftə ərzində 60-a yaxın evdə olmuşuq. Bu, günə orta hesabla 3 ailəyə baş çəkmək deməkdir. Hamını bir-bir dinləmişik, dərd-sərinə, problemlərinə şərik çıxmışıq, təkliflərini qeyd etmişik. 17 saylı Yasamal Üçüncü Seçki Dairəsinin elə bir küçə-məhəlləsi olmayıb ki, ya mən, ya da komanda üzvlərim orada olmasınlar. Görünür, bütün bunlarla seçicinin, buranın əhalisinin qəlbinə yol tapa bilmişik ki, bizə etimad göstəriblər. Özü də nəticələrə fikir vermisinizsə, ikinci sırada gələn rəqibimiz bizdən ən azı iki dəfə az səs toplayıb…

– Siz həm də Sloveniyanın Azərbaycandakı fəxri konsulu idiniz. Mərkəzi Seçki Komissiyasına Sizin digər ölkə qarşısında öhdəliyinizin olması ilə bağlı şikayətlər daxil olmuşdu. Bu məsələlərə aydınlıq gətirmənizi istərdik.

– Bu məsələ ilə bağlı MSK 27 yanvar 2020-ci il tarixində rəsmi açıqlama verib. Bildiyiniz kimi, MSK-ya daxil olan şikayətdən sonra XİN-in Dövlət Protokol İdarəsinə müraciət olunub və cavab alınıb ki, mənim Fəxri konsul vəzifəsindəki fəaliyyətimin müddəti 29 dekabr 2019-cu ildə başa çatıb. Bundan əlavə, Sloveniyanın Türkiyədəki səfirliyi də xüsusi açıqlama ilə çıxış edib və orada da bildirilir ki, mənim bu dövlət qarşısında hər hansı öhdəliyim yoxdur. Məsələ bununla da bitmiş sayılır.

– İxtisasca hüquqşünassınız. İkinci təhsiliniz isə iqtisadiyyatın hüquqi tənzimlənməsi ilə bağlıdır. Qanunverici orqanda fəaliyyətinizdə təhsilinizin hansı üstünlükləri olacaq?

– Təbii ki, hər bir fəaliyyət sferasında təhsilin önəmi danılmazdır. Peşə yönümü fəaliyyət növünün yarısıdır. Təsadüfi deyil ki, mən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində təmsil olunuram. Yeri gəlmişkən, mənə göstərilən bu etimada görə bir daha minnətdarlığı bildirmək istəyirəm. Artıq qeyd etdiyim kimi, mən uzun müddətdir sahibkarlıqla məşğul olmuşam. Fikrimcə, praktiki fəaliyyətlə nəzəri biliklərin uğurla bir araya gətirilməsi əməli fəaliyyət üçün çox önəmlidir. Ali təhsilimin ilk mərhələsi isə sırf hüquqla əlaqəli olduğundan, işgüzarlıq dövründə daim bu iki istiqamət – hüquq və sahibkarlıq arasında bərabərlik işarəsinin olmasına çalışmışam. Ümid edirəm ki, bu iki sahədəki bilik və bacarıqlarım Milli Məclisdəki fəaliyyətimdə də mənə kömək edəcək.

– İş adamı kimi fəaliyyətinizlə bağlı əvvəllər mətbuatda bir sıra fikirlərlə gündəmə gəlmişdiniz. Bu məlumatlara münasibətiniz necədir?

– Bilirsiniz, mətbuat azaddır, hər şey yazırlar. Ancaq məncə, yazılanın məsuliyyətini də dərk etmək lazımdır. Kimdən nə isə eşitdim və onu yazıb ictimai rəyin müzakirəsinə təqdim etdim… Belə olmaz məncə. Axı professional media işçisi fəaliyyətinin “qızıl qanun”nu unutmayıb, bütün tərəflərin mövqeyini öyrənməlidir. Belə qeyri-peşəkar abı-havada təbii ki, biz də hər yazılana xüsusi münasibət bildirməyə lüzum görməmişik. Odur ki, məncə, buna o qədər ciddi önəm də vermək lazım deyil. Əsas odur ki, fəaliyyətimizin bütün mərhələlərində şəffaflığa və qanuna riayət etməyə çalışmışıq və şükürlər olsun ki, bu, bizdə alınıb.

– Deputatlara biznes fəaliyyəti ilə məşğul olmaq qanunvericiliklə qadağandır. Bu məsələni fəaliyyətinizdə necə tənzimləyəcəksiniz?

– Əlbəttə, qanuna müvafiq şəkildə. Qanun nəyi tələb edirsə, əməl etmək hər bir vətəndaşın borcudur. Mən də Azərbaycan Respublikasının vətəndaşı olaraq məsələyə bu müstəvidən yanaşmalıyam. Milli Məclisdə fəaliyyətə başladığım andan həm Heydər Əliyev Mərkəzindəki vəzifəmə, həm də sahibkarlıq fəaliyyətimə son vermişəm.

– Deputat seçildiyiniz dairədə “Sovetski” adlanan məhəllələr ləğv olunur. Bəzi sakinlər hələ də verilmiş kompensasiya məbləğindən narazıdırlar. Bu problemlərlə bağlı parlamentdə hansı məsələləri qaldırmağı düşünürsünüz?

– Bu, çox incə və diqqət tələb edən məsələdir. Bilirsiniz, indi bizim “Sovetski” adlandırdığımız hissə əvvəllər “Bayır şəhər” olub. İçəri şəhər, sonra Bayır şəhər. Yaşlı nəsil bunu bilir. Burada ailələr var, ata-babaları iki yüz ildir, Bayır şəhərin sakinləridirlər. Təbii ki, onların bu ərazidən köçürülməsi prosesi sadə və asan məsələ deyil. Ancaq reallıq da budur ki, bu proses olmalıdır. Sizə bir məlumat verim: Bayır şəhərin köçürülməsi planı hələ ötən əsrin ikinci yarısından var. Ancaq bu problem həm şəhərsalma xarakterlidir, həm belə demək mümkündürsə, ciddi maliyyə əsasları tələb edir deyə, yarım əsrdən çoxdur ki, reallaşmırdı. İndi şükürlər olsun ki, dövlətimiz çox güclüdür, maddi imkanlarımız var. Cənab Prezident şəhərsalma işinə çox böyük diqqət və zövqlə yanaşır. Görürsünüz, hansı abadlıq işləri aparılır, Bayır şəhər məncə Bakının ən gözəl məkanlarından birinə çevrilir.

O ki qaldı kompensasiya məsələsinə, bildiyim qədər narazı olanların işlərinə baxılır və mərhələ ilə həll olunur. Bu işdə Yasamal rayon İcra hakimiyyətinin səylərini xüsusi qeyd etmək lazımdır. Düşünürəm ki, gələcək fəaliyyətimdə, seçicilərimlə görüşlərimdə mütləq bu məsələni diqqətdə saxlayacam, icra strukturları ilə sıx əməkdaşlıq şəraitində əhalinin istəklərinin reallaşmasına kömək göstərməyə çalışacam.

– Prezident İlham Əliyev parlamentdə çıxışında deputatların vəzifələrini qeyd etdi. Dövlət başçısının bu istiqamətdə tövsiyələrini necə dəyərləndirirsiniz?

– Cənab Prezidentin çıxışı biz deputatlar üçün bir “Yol xəritəsi”dir. Prezident İlham Əliyev deputatın müasir şəraitin tələblərinə cavab verən fəaliyyət konturlarını çox konkret və dəqiq formada müəyyən etdi. Şəxsən mənim üçün cənab Prezidentin deputatın seçiciləri, əhali ilə necə işləməli olduğuna dair tövsiyələri xüsusi önəm kəsb edir. Çünki qarşımızda duran əsas vəzifə camaatla işləmək, insanların problemlərinin həllinə köməklik etmək, ən əsası, seçicilərimizə çatdırmağı bacarmaq olmalıdır ki, dövlət onların gözləntilərinə biganə deyil. Prezident İlham Əliyev partiyamızın lideridir və bu tələb bizim qarşımıza namizədliyim irəli sürülərkən də qoyulmuşdu.

– Deputat kimi fəaliyyətinizi necə qurmağı planlaşdırırsınız?

– Artıq qeyd etdiyim kimi, bir nömrəli vəzifəmiz seçicilərimizlə ünsiyyətdir. Bu proses daimi xarakter daşıyacaq. Seçicilərimə hələ kampaniya dövründə söz vermişəm ki, qərargahımızın qapıları onların üzünə həmişə açıq olacaq. Mütəmadi görüşlərimizdən əlavə, hər bir seçici istənilən vaxt ofisimizə gəlib istəyini, şikayətini, təklifini deyə biləcək və biz mütləq hər bir müraciətə cavab verəcəyik.

– Seçiciləriniz Sizi parlamentdə aktiv deputat kimi görə biləcəklərmi?

– Bunu təbii ki, zaman göstərəcək. Aktivlik şəxsən mənim üçün əməli iş deməkdir. Bilirsiniz, hər hansı mövzu ilə bağlı saatlarla danışmaq olar. Amma ortada əməli iş yoxdursa, bunu fəallıq saymaq mümkündürmü? Bizim təşviqat kampaniyasında da əsas şüarımız bu olub: az danışmaq, çox işləmək. Mən sözdə aktivlik etmək yox, işləmək niyyətindəyəm.

– Seçkiqabağı təşviqat dövründə rəqibiniz Cavad Cavadovun feysbuk profilindən “Sovetski” sakini olan yaşlı qadına köməklə bağlı çağırışına biganə qalmadınız. Bəs sonra prosesləri izlədinizmi? Solmaz xalanın evlə təmin olunması məsələsi nə yerdədir?

– Təşəkkür edirəm ki, bu məsələyə toxundunuz. Öncə onu deyim ki, biz yaxın günlərdə Solmaz xanıma baş çəkəcəyik. Onun yaşayış şəraitlə bağlı Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmişik və çox sağ olsunlar, istəyimizə dərhal reaksiya verilib. Niyyətimiz budur ki, Solmaz xanımın yaşayış şəraiti yaxşılaşdırılmalıdır. Bu məqsədlə dövlətimiz lazım olan nə varsa, edəcək və ağbirçək anamız çox rahat, təmir olunmuş evlə təmin olunacaq.

Bu məsələdə mən Cavad müəllimə də təşəkkür etmək istəyirəm. Xatırlayırsınızsa, o, sosial şəbəkələr vasitəsilə çağırış etmişdi ki, kimin imkanı varsa, Solmaz xanıma köməklik etsin. Biz o vaxt dərhal reaksiya verdik, çünki ortada vətəndaşın problemi, dövlət maraqları, xalqın istəyi varsa, rəqabət kənara çəkilməlidir. Bu, vətəndaş həmrəyliyinin bariz nümunəsi idi və şükürlər olsun ki, nəticə etibarilə biz tezliklə ehtiyacı olan ahıl bir vətəndaşımızın qayğılarının təmin olunmasına nail ola biləcəyik.

www.yenicag.az

635
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv