Ads by Google

hightechnic
Ads by Google

qohuml

İyulun 20-dən Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilmiş Qafqaz Universiteti ilə bağlı gözlənilməz qərar verilib: Azərbaycan Texniki Universitetin rektoru, professor Havar Məmmədov Qafqaz Universitetinin yeni rektoru təyin edilib.

APA-nın yaydığı məlumata görə, Havar Məmmədov artıq bu gün Qafqaz Universitetinin kollektivinə təqdim edilib.

Ancaq Strateq.az-a çatan məlumata görə, Qafqaz Universiteti ilə bağlı yayılan bu məlumatlar məsələnin yalnız üzdə görünən tərəfləridir.

Gerçəkdə isə Qafqaz Universiteti ilə bağlı qeyri-müəyyən durum davam edir və hökumət hələlik açıqlamaq istəmədiyimiz səbəbdən məsələ ilə bağlı konkret qərar verməkdə çətinlik çəkir.

Bizə çatan məlumatlara görə, hökumətdə ilkin rəy və hazırlıqlar Qafqaz Universitetinin SOCAR-ın tabeçiliyindəki BANM-dən çıxarılması və yeni bir ali məktəb kimi fəaliyyət göstərməsi istiqamətində olub. Ancaq informasiyanın mediaya sızması və bu mövzuda tərəflərin bir-birini ittiham etməsi vəziyyəti kökündən dəyişib. Dünən – avqustun 30-da isə belə qərar verilib ki, hələlik Qafqaz Universiteti SOCAR-ın himayəsində saxlanılsın və gələcəkdə situasiyaya uyğun da hərəkət edilsin…

Məsələnin daha maraqlı və həm də bir çox proseslərə işıq salan tərəfi isə, şübhəsiz ki, Qafqaz Universitetinə yeni rektor təyinatıyla bağlıdır.

Xatırladaq ki, yeni rektoru – professor Havar Məmmədovu dövlət universitetindən, yəni, Texniki Universitetdən ayırıb Qafqaz Universitetinə təyin ediblər.

Bu, həmin Havar Məmmədovdur ki, xeyli vaxtdır Təhsil naziri Mikayıl Cabbarov onu vəzifəsindən uzqlaşdırmağa çalışsa da, buna müvəffəq ola bilmirdi. Hətta bu il iyulun 5-də təhsil naziri “Təhsil müəssisələrində hazırlanan tədris vəsaitlərində plagiat halları ilə mübarizənin gücləndirilməsi haqqında” 464 saylı əmrlə ona rəsmi şəkildə xəbərdarlıq da etmişdi. Həmin xəbərdarlıqda elə beləcə də yazılmışdı: “… Azərbaycan Texniki Universitetində hazırlanan tədris vəsaitlərində plagiat hallarına dəfələrlə (!!!-red.) yol verildiyinə və belə halların qarşısının alınması üçün ciddi tədbirlərin görülmədiyinə görə rektor, professor Havar Məmmədova xəbərdarlıq edilsin…”.

İndi nazirin cəzalandırdığı rektorun Qafqaz Universitetinin rəhbərliyinə gətirilməsi, həqiqətən, maraqlı və düşündürücüdür: professor Havar Məmmədov “vuruldu”, yoxsa gənc Təhsil nazirinin nüfuz edə bilmədiyi başqa məkana göndərildi? Əcəba, Azərbaycan təhslilində nələr baş verir?! Axı haçanadək ölkənin strateji bir sahəsində kadrlararsı münasibət, qrup savaşı, kimin kimdən xoşunun gəlib-gəlməməsi əsas meyar olacaq?!

Yeri gəlmişkən, elə həmin yazımızda vurğulamışdıq ki, ali məktəb dəhlizlərində Texniki Universitetlə Memarlıq və İnşaat Universitetinin birləşdiriləcəyi, ora rektor kimi elə Havar Məmmədova xəbərdarlıq edilməsi üçün təqdimat vermiş Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyevin gətiriləcəyi söylənilir.

Məlumat üçün bildirək ki, Yaqub Piriyev son günlər məlum “Gülən qalmaqalı” ilə bağlı adı tez-tez mediada hallandırılan PA-nın Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanovun dopdoğmaca bacanağıdır; Təhsil nazirinin müavini Ceyhun Bayramov isə yenə də son günlər “Gülən qalmaqalı” ilə bağlı adı gündəmə gələn Elşad İskəndərovun yeznəsidir…

Belə görünür ki, təhsil sektorunda gənc Təhsil nazirimizin bu “yeni komandası” ilə “köhnə qvardiya”nın çəkişməsi Qafqaz Universitetinin taleyinə də hələ uzun müddət təsir göstərən əsas amil olacaq.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 87
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."