Əməkdar jurnalist: “Bu Sərəncamın yüksək əhəmiyyəti var”
“Azərbaycan mediası artıq informasiya mühiti ilə yenidən formalaşır”.
Bunu Yenicag.az-a açıqlamasında Prezident İlham Əliyevin mətbuatın 150 illik yubileyi ilə bağlı imzaladığı Sərəncam barəsində fikirlərini səsləndirən Əməkdar jurnalist Elçin Şıxlı deyib.
Onun sözlərinə görə, bu, çox vacib məqamdır:
“Yubiley ilə bağlı tədbirlər təbii olaraq Azərbaycan mediasının inkişafına təkan verəcək. Lakin media inkişafı yalnız yubiley tədbirlərindən asılı deyil. Ümumən cəmiyyətin və texnologiyanın inkişafı ilə əlaqəlidir. Həqiqətən də bu Sərəncamın yüksək əhəmiyyəti var”.
E. Şıxlı əmindir ki, Azərbaycan mediası artıq informasiya mühiti ilə yenidən formalaşır:
“Əslində, burada texnologiyanın və müasir dövrün tələblərinə uyğun yeni formatlara ehtiyac var. Texnologiyanın inkişafı ilə, xüsusilə də onlayn medianın yüksəlməsi ilə qəzet və ənənəvi medianın rolu bir qədər azalıb. Onlayn media hazırda daha üstün yer tutur. Amma bu sahədə bəzi problem də var, yüzlərlə, hətta minlərlə media subyekti ortaya çıxıb. Amma bir insan yalnız beş və daha çox olmamaq şərti ilə maksimum bir neçə mənbəyə baxır və istifadə edir. Bu səbəbdən, onlayn mediada məlumatın həddindən artıq çox olması bir çox boşluqları doğurur”.
Müsahibimiz söyləyib ki, bununla yanaşı, sosial şəbəkələr və digər yeni məlumat mənbələri də informasiya axınının böyük hissəsini təşkil edir və nəticədə hərc-mərclik baş verir:
“Bu vəziyyətdə əsas məsələ odur ki, insanlar doğru və keyfiyyətli məlumat mənbələrinə yönəldilsin. Məhz bu səbəbdən Azərbaycan mediasının formatı yenilənməlidir. Bu, informasiya hərc-mərcliyini aradan qaldırmağa və daha güclü, dürüst məlumat mənbələri yaratmağa kömək edəcək”.
“İnformasiyanın çoxluğu və müxtəlifliyi, xüsusən də xarici təsirlər nəzərə alındığında Azərbaycan mediasının daha da gücləndirilməsini vacib edir. Bizim xəbər mənbələrimiz o qədər güclü və etibarlı olmalıdır ki, xaricdən gələn yanlış məlumatlar və feyk xəbərlər altında batmasın. Bu istiqamətdə işlər artıq başlamalı və inkişaf etməlidir. Ümid edirəm ki, Sərəncamın həyata keçirilməsi ilə bu məsələlər də nəzərə alınacaq və müvafiq addımlar atılacaq”, – deyə o fikirlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli