!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Emil Rasimoğlu: “Biz Anarın otuz beş illik bütləşmiş sisteminin önünə güzgü tutduq” – MÜSAHİBƏ

!Reklam – Yazi

“Düşüncəsi kölələşən şəxsdən inkişaf, tərəqqi yolunda mübarizə aparmağını gözləməyə dəyməz”.

Şair Emil Rasimoğlu Yenicag.az-a müsahibəsində Yazıçılar Birliyinin dünən keçirilmiş qurultayı və ədəbi mühitin mövcud durumundan danışıb.

– Yazıçılar Birliyinin dünən baş tutan qurultayı ərəfəsində ədəbi mühitdə cərəyan edən proseslər, hazırlıq işlərinin gedişatı, ayrılan büdcə və başqa məsələlər şəxsən sizdə hansı qənaəti yaradırdı?

– Deməli, hələ 2019-cu ildə mən, Fuad Cəfərli və Tural Turan Yazıçılar Birliyinin on üçüncü qurultayında sədrliyə namizədliyimizi irəli sürəcəyimizi bəyan etmişdik. Daha sonra Tural Turan Birlikdən istefa verdiyi üçün namizədlik məsələsində mən və Fuad Cəfərli qaldı. O dövrdə bizim Yazıçılar Birliyinin fəaliyyəti ilə bağlı həqiqəti əks etdirən müxtəlif çıxışlarımız olurdu. Birlikdəki sistem və idarəetmə problemləri, başda Anar müəllim olmaqla, rəhbər heyətdəki şəxslərin fəaliyyətindəki nöqsanları tənqid edirdik. Eyni zamanda, qarşı tərəfdən bizim o çıxışlarımıza reaksiya verilirdi, o cümlədən sədrliyə namizədliyimizi irəli sürməməyimiz üçün bizə təzyiq olunurdu. Qeyd edim ki, Yazıçılar Birliyinin qurultayı 2019-cu ilə planlaşdırılsa da, bəzi səbəblərə görə tədbir 2022-ci ildə gerçəkləşdi.

Qayda belədir ki, Yazıçılar Birliyi qurultayının nümayəndəsi bu səlahiyyətindən istifadə edərək sədrliyə öz namizədliyini irəli sürə bilər. Yəni bu məsələdə qurultay nümayəndəsi olaraq, Anar müəllim də, mən və Fuad Cəfərli də eyni hüquqa malik idik.

Bilirsiniz, Yazıçılar Birliyi modern idarəetmə prinsiplərindən, islahatlardan, effektli gənclər siyasətindən, yeniliklərdən olduqca uzaqdır. Bu da Anar müəllim və Birliyin rəhbər heyətindəki şəxslərin qurumun fəaliyyətində yaratdıqları çatışmazlıqlardan irəli gəlir. Qurultaya qədər görülən hazırlıq işlərinə gəldikdə, proses ötən qurultaylar ərəfəsində görülən işlərdən heç nə ilə fərqlənmədi. Məsələn, hazırlanan məruzələr, oradakı tezislər yenə də ənənəvi, şablon xarakter daşıyırdı və Anarın öz postunda qalmasına xidmət edirdi.

– Hazırlanan məruzələrdən, çıxışlardan bəhs etdiniz. Eyni zamanda, qurultay üçün ayrılan 203 min manat ətrafında da ciddi mübahisələr getdi. O vəsait tam həcmdə öz təyinatı üzrə sərf olundu?

– Ümumiyyətlə, sizə bir söz deyim, Yazıçılar Birliyinə hər il dövlət tərəfindən sabit büdcə ayrılır. Eyni zamanda, başqa yardımlar da göstərilir. Bizim də öyrəndiyimiz qədər, qurultayın keçirilməsi üçün quruma 203 min manat verilib. Nəinki bu qurultay üçün ayrılan vəsaitin, hətta Yazıçılar Birliyinə büdcədən ayrılan illik məbləğlərin də tam şəkildə ünvanına çatmadığına əminəm. Onu bilirəm ki, ayrılan 203 min manatın hamısı qurultayın keçirilməsi üçün xərclənməyib. Ancaq nə qədər xərcləndiyini də deyə bilmərəm. Çünki burada dəqiq statistika tələb olunur.

– Anarın Yazıçılar Birliyinin sədri postunda qalacağı gözlənilirdi. Onun öz vəzifəsində saxlanılması üçün “mətbəx”də görülən hazırlıq işləri necə aparılırdı?

– Anarın öz postunda qalacağının ən bariz nümunəsi dünən qurultayda bizim namizədliyimizin səsə qoyulmaması idi. Bundan başqa, əksər çıxışların Anarın “əvəzolunmazlığına”, “xidmətlərinə” həsr olunması da onun postunda qalacağından xəbər verirdi. Əslində, bu qurultayın məqsədi Anarı öz vəzifəsində saxlamaqdan özgə bir şey deyildi. Ona görə də bizim namizədliyimiz səsə qoyulmadı, çıxışımıza imkan verilmədi və təbii ki, sonda da Anarı ədalətsiz şəkildə yekdilliklə sədr elan etdilər. Bu, məsələnin bir tərəfidir. Bütün bunlar onu əks etdirir ki, Yazıçılar Birliyində doğru, dürüst, ədalətli iş prinsipi yoxdur. Baş verənlərə rəğmən, biz qalibik. Bir neçə gün əvvəl də çıxışlarımdan birində demişdim ki, Anar yenidən seçiləcəksə, bu, onun məğlubiyyəti olacaq. Biz Anarın otuz beş illik bütləşmiş sisteminin önünə güzgü tutduq və məqsədimiz Yazıçılar Birliyini ondan xilas etməkdir.

– Yaxşı, ədəbi müxalifət vurğuladığınız bütləşmiş sistemi dağıtmaq gücündədirmi?

– Açığı, çox qəribə dönəmdə yaşayırıq. Əslində, burada dövrün təsirindən danışmaq da doğru olmazdı, çünki burada insanların özünün düşüncə problemi var. Bu gün Azərbaycanın ədəbi mühitində yer tutanların əksəriyyətinin düşüncəsi obrazlı desək, qandallanıb, kölələşmiş formadadır. Yəni iradəsi, mövqeyi, azad fikri əlindən alınmış vəziyyətdədir. Bunun da səbəbkarı o şəxslərin özləridir. Elə insanlar var ki, onların təfəkkürü əllərindən alınıb, elələri də var ki, onlar öz təfəkkürlərini kiməsə veriblər. Ona görə də mövcud ədəbi mühitdə olanların əksəriyyətinin düşüncə tərzi kölələşib. Düşüncəsi kölələşən şəxsdən isə inkişaf, tərəqqi yolunda mübarizə aparmağını gözləməyə dəyməz. Bizim dünən haqsızlıqlara etiraz olaraq, qurultay zalını tərk etməyimiz Anarın otuz beş illik fəaliyyətinə verilən ən böyük cavab idi.

A.Zeynalov

www.yenicag.az

1910
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv