Əmrah Həsənli: “İncəsənət məktəblərinə qəbulda ədalətsizlik yoxdur, proses tam şəffaf aparılıb”
Hər il minlərlə gəncin sənətə olan marağı onları incəsənət məktəblərinə qəbul imtahanlarında iştirak etməyə sövq edir.
Lakin qəbul prosesinin intensivliyi və rəqabətin yüksəkliyi bəzən ictimaiyyət arasında müxtəlif sualların yaranmasına səbəb olur. Bu il də istisna olmayıb — valideynlər və namizədlər arasında “ədalət prinsipi” ilə bağlı müzakirələr artıb. Məhz bu məsələlərə aydınlıq gətirmək məqsədilə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli mediaya açıqlama verib. O, qəbul prosesinin şəffaf və obyektiv şəkildə həyata keçirildiyini vurğulayaraq, ortaya çıxan narahatlıqların səbəblərini izah edib.
Onun sözlərinə görə, bu proses tam şəkildə konkurs prinsipi əsasında təşkil olunub və namizədlər topladıqları nəticələrə uyğun olaraq qiymətləndirilib.
“2025–2026-cı tədris ili üçün incəsənət məktəblərinə ümumilikdə 18.862 nəfər müraciət edib. İyun ayında keçirilən imtahanlarda isə 16.252 namizəd iştirak edib. Burada əsas məsələ yerlərin məhdud olmasıdır. Yerlər məhdud olduqda, təbii olaraq keçid balları formalaşır və seçimlər məhz həmin ballar əsasında aparılır. Bu, universitetlərə qəbul sisteminə bənzər şəkildə təşkil olunur: yüksək bal toplayan namizəd üstünlük qazanır. Bu səbəbdən də ədalətsizlik iddiaları əsassızdır”, – Əmrah Həsənli bildirib.
O qeyd edib ki, bəzən valideynlər tərəfindən səsləndirilən “mənim övladım yüksək bal yığıb, amma ondan az bal toplayan qəbul olunub” kimi fikirlər qəbul mexanizminin yanlış anlaşılması ilə bağlıdır. “Unutmaq olmaz ki, hər bir ixtisas üzrə rəqabət ayrı-ayrılıqda aparılır. Namizədlər seçdikləri ixtisaslara uyğun olaraq qiymətləndirilirlər. Məsələn, bu il yalnız fortepiano ixtisası üzrə 9 min nəfər müraciət edib. Təbii ki, bu qədər namizədin hamısının qəbul olunması mümkün deyil. Bu səbəbdən həmin ixtisas üzrə seçim daha ciddi rəqabət şəraitində həyata keçirilib. Belə hallarda digər ixtisaslarda daha az balla qəbul mümkün olsa da, yüksək bal toplayan namizəd sıx rəqabət olan ixtisas üzrə qəbul olunmaya bilər. Yəni hər ixtisas üzrə ayrıca keçid balı formalaşır və seçim həmin göstəricilərə əsasən aparılır”, – deyə o vurğulayıb.
Əmrah Həsənli əlavə edib ki, Mədəniyyət Nazirliyi qəbul prosesində birbaşa seçim aparan qurum deyil, yalnız nəzarətçi funksiyasını yerinə yetirir:
“Seçimlər tamamilə namizədlərin nəticələri əsasında həyata keçirilir. Nazirliyin əsas vəzifəsi isə prosesin şəffaflığını təmin etməkdir. Əgər hər hansı texniki yanlışlıq baş veribsə, bu hallar araşdırılır. Lakin ümumi qəbul prinsipi dəyişmir – nəticələrə əsaslanan seçimlər aparılır.”
Sonda Əmrah Həsənli Azərbaycanda incəsənət təhsilinin əhəmiyyətini də xüsusi olaraq vurğulayıb:
“Dünyada çox az ölkədə incəsənət təhsili ödənişsiz əsaslarla təqdim olunur. Azərbaycan bu baxımdan seçilən ölkələrdəndir və bu, dövlətimizin mədəniyyətə, incəsənətə və gənclərin yaradıcılıq potensialına verdiyi önəmin bariz göstəricisidir. Əminəm ki, bu gün həyata keçirilən seçimlər gələcəyin böyük sənətkarlarının yetişməsinə zəmin yaradacaq.”