Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olması prosesi ayrı-ayrı Avropa ölkələri tərəfindən yaradılan maneələr səbəbindən uzanır.
Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Madriddə Türkiyə-İspaniya biznes forumunun iştirakçılarına müraciət edərək bildirib.
Dövlət başçısı Aİ-də tamhüquqlu üzvlük layihəsinin həyata keçirilməsində ölkəsinin qətiyyətini vurğulayıb.
“Təəssüf ki, Türkiyənin Avropa İttifaqına daxil olması ilə bağlı səmimi addımları Ankaranın birliyə daxil olmasının faydalarını dərk etməyən bir sıra ölkələrin müqaviməti ilə üzləşir”, – deyə Türkiyə lideri bildirib. Ərdoğan qeyd edib ki, Avropa Parlamentinə seçkilərin nəticələri və Avropada sağçı siyasətçilərin mövqelərinin güclənməsi Türkiyənin Aİ-yə tezliklə daxilolma perspektivləri məsələsində nikbinlik yaratmır.
“Təəssüf ki, Türkiyə-Avropa İttifaqı gömrük sazişinin yenilənməsi ilə bağlı danışıqlar hətta başlamayıb. Eyni zamanda, türk iş adamlarına qarşı sərt viza tələbləri saxlanılır. Bütün bunlar Türkiyə ilə Aİ arasındakı münasibətlərin iqtisadi və ticarət potensialının tam açılmasına imkan vermir”, – deyə siyasətçi qeyd edib.
Eyni zamanda o, Ankaranın Aİ-yə daxil olması ilə bağlı ərizəsinə səmimi dəstəyinə görə İspaniyanın Baş naziri Pedro Sançesa minnətdarlığını bildirib.
Kahramanmaraş vilayətində keçənilki dağıdıcı zəlzələlərin nəticələrinə baxmayaraq, Türkiyə iqtisadiyyatının inkişaf etdiyini söyləyən Ərdoğan deyib: “2023-cü ilin yekunlarına görə, Türkiyə məhsullarının ixracı 255,4 milyard dollara, xidmət ixracı isə 101,7 milyard dollara çatıb. İqtisadiyyatımız 4,5 faiz artıb, Türkiyənin ÜDM-nin həcmi isə tarixdə ilk dəfə olaraq 1,1 trilyon dollar həddini aşıb”.
Türkiyə Prezidenti əlavə edib ki, cari ilin birinci rübünün yekunlarına görə Türkiyə ÜDM-nin artımı 5,7 faiz təşkil edib./Azertag/
www.yenicag.az