Ərdoğanla Putinin GİZLİ GÜNDƏMİ: Aşqabad görüşündə Zəngəzur dəhlizi yenidən müzakirə ediləcək?
Türkmənistanın paytaxtı Aşqabadda Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında sabah planlaşdırılan görüş, formal olaraq beynəlxalq forum çərçivəsində keçirilsə də, mahiyyət etibarilə iki ölkə arasında strateji gündəmin koordinasiyası kimi dəyərəndirilə bilər.
Kreml sözçüsü Peskovun açıqlamasında Ukrayna mövzusunun ön planda olmayacağı mesajı verilsə də, həm Moskva, həm də Ankara üçün bu münaqişə fonunda formalaşan yeni geosiyasi düzən danışıqların arxa fonunu müəyyənləşdirir. Sadəcə bu dəfə daha çox ikitərəfli münasibətlərin praktik tərəfləri ön plana çıxır.
Türkiyə–Rusiya xətti uzun müddətdir ki, “idarə olunan ziddiyyətli əməkdaşlıq” modeli üzərində işləyir. Suriyada, Cənubi Qafqazda, Qərb ilə münasibətlərdə tərəflər həm rəqib, həm tərəfdaş, həm də bir-birinə ehtiyac duyan oyunçulardır. Aşqabad görüşündən gözlənti odur ki, mövcud gərginlik ocaqları alovlandırılmadan, əməkdaşlığın davam etdirilə biləcəyi sahələr konkretləşdirilsin. Burada xüsusilə enerji əməkdaşlığı əsas mövzulardan biri olacaq. Rusiya üçün Türkiyə həm qaz ixracında tranzit, həm də siyasi mənada “alternativ dialoq kanalı” rolunu qoruyur. Türkiyə isə enerji təhlükəsizliyində mənbə və marşrut şaxələndirməsinə çalışsa da, Rusiya amilini tam kənara atmaq niyyətində deyil və bunu açıq göstərmir, amma balansdırmağa çalışır.
Digər mühüm xətt iqtisadi-ticari münasibətlərdir. Ukrayna müharibəsindən sonra Qərb sanksiyaları fonunda Rusiya üçün Türkiyə müəyyən dərəcədə nəfəs kanallarından biri kimi önə çıxdı. Ancaq son aylarda Qərb təzyiqlərinin artması, bank və maliyyə əməliyyatlarına nəzarətin sərtləşdirilməsi Ankaranı da daha ehtiyatlı davranmağa vadar edir. Aşqabadda Ərdoğanla Putin arasında bu xətt üzrə “qırmızı xətlər”in, yəni həm Qərbin sanksiyalarını açıq şəkildə pozmamaq, həm də mövcud ticarət dövriyyəsini tam itirməmək balansının müzakirə olunması gözlənilir.
Hər nə qədər Peskov “Ukrayna gündəmdə deyil” tonunda mesaj versə də, Qara dəniz regionunun təhlükəsizliyi, taxıl daşınmaları, dəniz marşrutları faktiki olaraq Ukrayna müharibəsi ilə birbaşa bağlı mövzulardır. Türkiyə bu sahədə həm NATO üzvü, həm də Rusiya ilə dialoq aparan yeganə kanallardan biri kimi öz rolunu qorumağa çalışır. Ona görə də Aşqabad görüşü formal olaraq “ikitərəfli əlaqələr” başlığı ilə təqdim olunsa belə, Ukraynadakı vəziyyətə dolayı istinadlar labüddür.
Digər tərəfdən, Cənubi Qafqaz amilini də kənara qoymaq olmaz. Azərbaycanla Ermənistan arasında sülh gündəmi, bölgədə yaranan yeni reallıq, Zəngəzur dəhlizi mövzusunun gündəmdən tam düşməməsi kimi məsələlərdə Türkiyə və Rusiya maraqlarının harada toqquşduğu, harada üst-üstə düşdüyü Aşqabadda ən azı qapalı qapılar arxasında müzakirə edilə bilər. Ankara regionda Azərbaycanla birlikdə daha güclü oyunçu kimi çıxış edir, Moskva isə təsir alətləri zəifləsə də, tam kənara sıxışdırılmaq istəmir. Bu mənada Aşqabad görüşü tərəflərin Qafqazda yeni “oyun qaydaları”nı bir daha yoxlaması üçün fürsətdir.
Qısacası, Aşqabadda Ərdoğan–Putin təması simvolik protokol görüşü deyil. Tərəflər həm enerji, həm ticarət, həm də geosiyasi sahədə yeni balans axtarışındadırlar. Ukrayna mövzusu rəsmi gündəmin adı kimi çəkilməsə də, masadakı bütün başlıqların kölgəsində dayanır. Bu görüşdən konkret sensasion razılaşmalar gözləmək real deyil, amma Moskva–Ankara xəttinin hansı istiqamətə meyl etdiyini anlamaq baxımından mühüm siqnal nöqtəsidir.
Amir Aqiloğlu












