“Həm uşaq istismarı, həm erkən evlilik, həm də təhsil hüququnun əlindən alınmasında bütün istiqamətlər üzrə analizlər aparılıb, cəza tətbiq olunmalı, sərtləşdirmə bu ümumi nəticəyə görə olmaldır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında nikah yaşının yetkinlik yaşına çatmayanlarla qeyri‑rəsmi erkən nikaha daxil olan şəxslər və buna şərait yaradan valideynlər barəsində cəzaların sərtləşdirilməsi haqda danışan sosioloq Lalə Mehralı deyib.
Onun sözlərinə görə, erkən nikahla bağlı qaydaların sərtləşdirilməsi çoxdan lazım idi.
“Çünki indiki qaydalar çox yumşaqdır və dövlət bəzən erkən nikaha rəvac verən insanlara, uşaqların valideynlərinə, qarşı tərəfə də humanist davranır. Düşünürəm ki, qızların erkən nikaha cəlb edilməsi ilə bağlı məsuliyyətə cəlb edilmə məsələsində də valideynlərlə yanaşı, qızla evləndirilən bəy də məsuliyyət daşıyır. Bəzən bəy ya yüngül cərimə ilə yaxa qurtara bilir, ya da şikayət olmadığına görə cərimə də olunmur. Ona görə də, cəzalar daha da ağır olmalıdır. Ümumiyyətlə övladlarımızı erkən nikaha məcbur etmək eyni zamanda onların təhsil hüququnu da əlindən almaq, istimara yol açmaq deməkdir. Bu baxımdan dəyərləndirsək, həm uşaq istimarı, həm erkən evlilik, həm də təhsil hüququnu əlindən alınması bütün istiqamət üzrə analiz aparılıb cəza tətbiq olunmalı, sərtləşdirmə bu ümumi nəticəyə görə olmaldır”, – deyə o bildirib.
Sosioloq qeyd edib ki, bəzən istisna hallarda 17-18 yaşında evlənən şəxslərin ailə təməllərinin möhkəm olması kimi hallar da ola bilir:
“18 yaşdan sonra insanın bioloji imkanları onun ailə qurmasına icazə verir ki, bu da təsdiqlənmiş faktdır. Lakin bu yaşda insanın ailə saxlayacaq həm psixoloji, həm də maddi vəziyyəti də nəzərə alınmalıdır. Burada bütün hər şey bir-birini tamamlamalıdır. Tamlıq olmalıdır ki, həmin ailə də bərqərar ola bilsin. Bəzən istisna hallarda 17-18 yaşında evlənən şəxslərin ailə təməllərinin möhkəm olması kimi hallar da ola bilir. Lakin insanların getdikcə həm fiziki, həm də bioloji baxımından cılızlaşması, zəif olması bu yaşda evlilikləri o qədər də dəstəkləmir. Ona görə də bu istiqamətdə bədən də, psixologiya da inkişaf etməlidir. Gəlir əldə ediləcək yaşa qədər gözləmək məntiqli olsa da, karyera quraraq, 30 yaşında evlənmək də anormal vəziyyətdir”.
İsmayıl Bakuvi
www.yenicag.az