Simonyan Bakıya NİYƏ GƏLMİŞDİ? – “10 nəfəri seçib onların azadlığını istəmək...”

media-hightechnic-468x90

“Əgər Azərbaycana qarşı ciddi cinayətlər törətməyiblərsə, bağışlanmaları müsbət jest ola bilərdi. Eyni zamanda bu, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verə, regionun bu günü və gələcəyi üçün də mühüm bir addım olardı”.

Bunu Yenicag.az-açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

O, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyanın Azərbaycan rəhbərliyinə 10 məhbusun azad olunması ilə bağlı xahişini şərh edib.

Politoloq bildirib ki, bu, mühüm hadisədir. Həmin məhbuslar arasında Qarabağın keçmiş “rəhbərləri”nin olmaması isə Ermənistan hakimiyyətinin Qarabağ ermənilərinə və onların “liderlərinə” olan münasibətini açıq şəkildə göstərir.

“Ermənistanın Baş naziri Nikol Paşinyan da dəfələrlə bəyan edib ki, Qarabağdan gələn ermənilər Ermənistan vətəndaşlarıdır. Ermənistan hökuməti onların problemlərinin həlli üçün çalışacaq. Bu isə onların geri, yəni Qarabağa qaytarılmaq fikrinin olmadığının göstəricisidir. Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin belə xahişi, əslində, Ermənistan hakimiyyəti üçün ciddi problemlər yarada bilər. Çünki məhbusların azad olunmasını istəyirsənsə, hamısı üçün eyni mövqedən çıxış etməlisən. 10 nəfəri seçib onların azadlığını istəmək digər məhbusların günahkar olduğunu dolayısı ilə qəbul etmək deməkdir”.

O. söyləyib ki, Ermənistan hakimiyyəti bu gün Azərbaycanın maraqlarına və ümumilikdə bölgənin sabitliyinə uyğun siyasət yürüdür:

“Bu siyasətin davam etməsi və qarşıdan gələn parlament seçkilərində mövcud hakimiyyətin qalib gəlməsi Azərbaycanın da maraqlarına xidmət edir. Çünki revanşist və Rusiya yönlü qüvvələrin hakimiyyətə gəlməsi Ermənistanın yenidən Rusiyanın əlində alətə çevrilməsinə səbəb ola bilər. Bu isə Azərbaycan üçün ciddi problemdir. Ermənistan hakimiyyətinin, xüsusilə Paşinyan hökumətinin mövqeyinin güclənməsi üçün Azərbaycanın müəyyən addımlar atması məqsədəuyğun olardı”.

“10 nəfərlə bağlı məsələ diqqətlə araşdırılmalı, əgər Azərbaycana qarşı ciddi cinayətlər törətməyiblərsə, bağışlanmaları müsbət jest ola bilərdi. Eyni zamanda bu, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verə, regionun bu günü və gələcəyi üçün də mühüm bir addım olardı”, – deyə o, söyləyib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa