Azərbaycan-Türkiyə münasibətlərinə qarşı NÖVBƏTİ OYUN: “Avroviziya” qalmaqalını kim ORTAYA ATDI?
“Son dövrlərdə Türkiyənin bəzi media qurumlarında Azərbaycana qarşı böyük kampaniya aparılır. Doğrudur, müxtəlif vaxtlarda buna dövlət tərəfindən tutarlı cavablar verilib”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi ekspert Ramiyyə Məmmədova deyib.
O bildirib ki, həmin qüvvələr bununla Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq istəyirlər:
“Bunu da unutmaq lazım deyil ki, ölkələrimiz nə qədər bir-birinə yaxın olsalar da, bəzi məsələlərdə fərqli siyasət yürüdürlər. Hazırda Türkiyə daxilində Azərbaycana qarşı hər kəs eyni düşüncədə deyil. Onlar da əllərində olan media qurumları vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Qərb tərəfindən maliyyələşən müəyyən saytlar və televiziya kanalları da ölkəmizə qarşı fəaliyyətə keçə bilərlər. Bundan başqa, burada FETÖ-nün də rolu böyükdür. Təəssüf ki, hələ də həm Azərbaycanda, həm də Türkiyədə rəhbər şəxslər arasında FETÖ-nün qolları qalmaqdadır”.
Ekspert bildirib ki, Azərbaycan həmin şəxslərə Fələstin məsələsində etdiyi humanitar yardımlarla cavab verib:
“Həmçinin bir neçə gün əvvəl 14 fələstinli təhsil almaq üçün Azərbaycana gətirildi. Rəsmi Bakı İsrailin bu gün törətdiyi qətliamı dəstəkləmir. Bununla bağlı mövqeyimiz aydındır. Azərbaycan məsələnin “iki dövlətli həll” prinsipi ilə həllinin tərəfdarıdır. Müəyyən qüvvələr var ki, məsələnin həssaslığını nəzərə alaraq İsrail mövzusu üzərindən Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışırlar. Lakin həmin şəxslər nəzərə almalıdırlar ki, bu gün Türkiyənin İsraillə ticarət dövriyyəsi olduqca yüksəkdir. Azərbaycanla bağlı hər hansı iddianı ortaya atmazdan əvvəl özlərinə baxsalar, daha yaxşı olar. Ümumilikdə isə bu kimi problemləri diaspora, lobbiçilik və hökumətlərarası münasibətləri daha da gücləndirməklə həll etmək mümkündür”.
Məlik Məlikov