Erməni lobbisi Paşinyana qarşı – Bölgədə gərginlik artır?
“Bu ifşa xarakterli informasiya əslində real vəziyyəti, Avropa İttifaqı strukturlarının, xüsusilə Avropa Parlamentinin korrupsiyalaşdığını göstərir. Artıq uzun illər ərzində Azərbaycana qarşı sərgilənən qərəzli, haqsız və qanunsuz yanaşmanın haradan qaynaqlandığı daha aydın olur”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
Ekspert qeyd edib ki, bu mənzərə Azərbaycan üçün tanışdır:
“Məsələn, Rusiya və Avropa İttifaqı arasında hazırda kəskin ziddiyyət olsa da, bölgədə sülhə maneə yaradılması məsələsində eyni mövqedən çıxış edirlər. Bəllidir ki, istər Avropa, istər Rusiya, istərsə də digər ölkələrdə fəaliyyət göstərən erməni lobbisinin tezis mərkəzi ABŞ-də yerləşən Amerika Erməniləri Milli Komitəsidir. Bu qurum erməni lobbisi üçün vahid qərargah rolunu oynayır. Hazırda əsas hədəf mümkün bütün vasitələrdən istifadə etməklə sülhün qarşısını almaq və bölgədə yenidən qarşıdurma yaratmaqdır”.
Əli Zülfüqaroğlunun sözlərinə görə, Azərbaycana və Ermənistana qarşı təhdidlərin aktivləşməsi son zamanlar iki ölkə arasında sülh üçün real zəmin yaranması ilə bağlıdır:
“Düşünürəm ki, Ermənistan daxilində vəziyyətin gərginləşdirilməsinə ciddi cəhdlər olacaq. Parlament seçkiləri ərəfəsində sülh zəminini aradan qaldırmaq üçün Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına çalışacaqlar. Paşinyanın ‘real Ermənistan’ konsepsiyasını öz xəstə ideologiyalarına təhdid kimi görən erməni lobbisi, növbəti dəfə Ermənistan dövlətçiliyinin məhvi üçün əsas alətə çevriləcək. Daxildə kilsə və revanşistlərə hökumət tərəfindən ciddi zərbə vurulub, ona görə də planın erməni lobbisi üzərindən qurulması təsadüfi deyil. Amma istənilən halda, Ermənistan hökumətinin mövqeyi və ictimai dayaqları müxalifətlə müqayisədə daha güclüdür. Böyük ehtimalla, sülhə qarşı çıxan qüvvələrin və onlara dəstək verən dövlətlərin növbəti fiaskosunu müşahidə edəcəyik”.
Siyasi ekspert sonda bildirib ki, bu istiqamətdə Azərbaycan diasporu ilə yanaşı, media və QHT-lər də fəal olmalı, xüsusilə Avropa mediası ilə sıx əməkdaşlıq etməlidir.
Nurlan Cəfəri













