Erməni lobbisindən COP29-a qarşı çirkin kampaniya: “İrəvan istəyinə nail olmayacaq”

 

“Ermənilər Azərbaycanla münaqişənin mövcud olduğu bütün zamanlarda Azərbaycana qarşı istənilən alətlərdən istifadə etməyə çalışıblar və istifadə də ediblər. Şübhəsiz ki, COP29-un boykot edilməsi, Azərbaycana dəvət edilən qonaqların gəlməməsi ilə bağlı olan çağırışlar da məhz Azərbaycanı gözdən salmaq istiqamətində atılan addımlardır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bir sıra Qərb ölkələrində, xüsusilə də ABŞ-də yuvalanmış erməni lobbisinin bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı – COP29-la bağlı böhtan xarakterli başlatdığı kampaniyaların səbəblərini izah edib.

Onun sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sabiq (2003-2012) prokuroru Luis Moreno Okamponun Ermənistanda görüşlər keçirməsi və görüş zamanı erməni lobbisini təzyiqi və təsiri altında bütün dünyanı Azərbaycanda keçirilən COP29 tədbirində iştirak etməməyə çağırması sözügedən əməllərin tərkib hissəsidir:

“Hamıya məlumdur ki, Ermənistan istəyinə nail olmayacaq. Yəni COP29-un keçirilməsinə, orada iştirak edənlərin sayının azalmasına, orada qəbul ediləcək qərarların yerinə yetirilməsinin qarşısının alınmasına ermənilərin təbliğat kampaniyası təsir edə bilməyəcək. Bunu Ermənistanda da çox yaxşı başa düşürlər, sadəcə, Azərbaycanı belə müzakirələrin fiqurantı etmək istəyirlər”.

Ə. İbrahimovun dediyinə görə, Okamponun dedikləri Azərbaycan haqqında mənfi məlumatların tirajlanmasına səbəb olur:

“Hesab edirəm ki, Ermənistanın məqsədi budur və İrəvanda düşünürlər ki, Azərbaycan haqqında dünya mətbuatında nə qədər çox informasiyalar getsə, guya bu, ermənilər üçün yaxşı olacaq. Lakin COP29-un fəaliyyətə başlaması ermənilərin və onların dəyirmanına su tökən bütün Azərbaycan düşmənlərinin ümidlərini yerinə vuracaq”.

“Doğrudur, bu təbliğata ermənilər başlayıb, lakin bizə dünyanın müxtəlif ölkələrindən, habelə ermənilərin başçılıq etdiyi qruplar tərəfindən COP29-a qarşı qrupların fəallaşması barədə məlumatlar gəlir. Fransa, Almaniya, ABŞ və digər Qərb dövlətləri bu prosesdədir. Düşünürəm ki, ermənilər bir aktyorların teatrda təkbaşına oynadığı kimi, bu ssenarini özləri oynayıb, özləri də eşidirlər. Bizə bu barədə informasiyalar gəlib çatır ki, ermənilər müxtəlif beynəlxalq tədbirlərdə COP29-da iştirak etməməyə çağırırlar”, – deyə mütəxəssis əlavə edib.

“Sual oluna bilər ki, onlara səs verənlər varmı? Heç onların sözünü eşidib iştirak etməyəcəklərini söyləyənlər varmı? Təbii ki, bu haqda bizim məlumatımız yoxdur. Deməli, məlumatımız yoxdursa, ermənilər bunu şişirdirlər. Yəni ermənilərin çaldığı musiqini oynayanların sayı azdır. Çünki hər kəs anlayır ki, COP29 Azərbaycanda yüksək səviyyədə keçiriləcək və bundan sonra uzun illər boyunca bu nailiyyət bizim adımızla hallanacaq. Eyni zamanda bundan sonra da iqlim dəyişikliyi və ekologiya istiqamətində keçirilən bütün tədbirlərdə məhz COP29-a və onu keçirən Azərbaycana müraciət olunacaq. Qısacası, ermənilərin bu barədə çəkdiyi “zəhmətlər” puça çıxacaq”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov