Trampın gerçəkləşməyən SÜLH ARZUSU: "Vaşinqton üçün əsas olan münaqişənin öz nəzarətindən çıxmamasıdır"

media-hightechnic-468x90

“Tailand-Kamboca müharibəsini dayandırmamaq Tramp üçün problem deyil, alətdir”.

Bu fikirləri ABŞ Prezidenti Donald Trampın səylərinə baxmayaraq Tailand və Kamboca arasında münaqişənin səngiməməsinə münasibət bildirən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında  səsləndirib.

O, ABŞ üçün münaqişəni nəzarətdə saxlamağın əsas olduğunu bildirib:

“ABŞ-nin Tailand–Kamboca qarşıdurması ilə bağlı “müharibəni dayandırdıq” bəyanatına baxmayaraq, real vəziyyətin fərqli olması Vaşinqtonun beynəlxalq münaqişələrə yanaşmasının klassik nümunəsidir. ABŞ çox vaxt sülhü faktiki nəticə kimi deyil, siyasi bəyanat və prosesin idarə olunması kimi təqdim edir. Yəni tərəflər arasında silahlar tam susmasa belə, Vaşinqton üçün əsas olan münaqişənin öz nəzarətindən çıxmamasıdır. Bu baxımdan, Tailand və Kamboca arasında gərginliyin tam bitməməsi ABŞ üçün problem deyil, əksinə, müəyyən mənada alət rolunu oynayır”.

Bu iki ölkə arasında münaqişənin davam etməsi ABŞ-yə regionda geosiyasi təsir imkanlarını qorumağa şərait yaradır. Cənub-Şərqi Asiya Çinin sürətlə gücləndiyi və təsir dairəsini genişləndirdiyi əsas bölgələrdən biridir. Tailand və Kamboca kimi ölkələr arasında gərginlik nə qədər davam edərsə, onlar bir o qədər xarici “vasitəçi”lərə və təhlükəsizlik zəmanətlərinə ehtiyac duyur. ABŞ isə bu boşluğu dolduraraq həm siyasi təsirini saxlayır, həm də hərbi, diplomatik və iqtisadi mövcudluğunu legitimləşdirir. Davam edən, amma nəzarətdə olan münaqişə Vaşinqton üçün sabit sülhdən daha funksionaldır.

O qeyd edib ki, müharibə ABŞ-yə birbaşa qazanc gətirməsə də, dolayı dividendlər verir:

“Region ölkələri təhlükəsizlik məsələlərində daha asılı vəziyyətə düşür, silahlanma artır, ABŞ istehsalı olan silah və hərbi texnika üçün bazar genişlənir, eyni zamanda, Çin və Rusiyanın bölgədə təsir imkanları balanslaşdırılır. Bu baxımdan, Tailand–Kamboca qarşıdurmasının tam həll olunmaması ABŞ üçün strateji risk yox, idarə olunan fürsət kimi görünür”.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa