“Azərbaycandan buna sərt reaksiya veriləcəyi gözlənilsə də, təəssüf ki, belə olmadı”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında videokonfrans vaistəsilə baş tutan görüşün nəticələrini dəyərləndirən təhlükəsizlik eksperti İlham İsmayıl deyib.
İlham İsmayıl bildirib ki, Azərbaycan diplomatiyasının qətiyyətsizliyi dünənki görüşdə də açıq göründü:
“Bu görüş haqqında rəsmi informasiyanın əsas xətti təmasların davam etdirilməsi və atəşkəs rejiminə əməl olunmasının vacibliyi kimi məsələlərdən ibarətdir. Eyni zamanda, Azərbaycan və Ermənistan xarici işlər nazirləri 2008-ci ildən sonra ilk dəfə birgə bəyanat veriblər.
Bu görüşdən əvvəl günorta saatlarında Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistin sualına cavab verərkən bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin Madrid və Kazan prinsipləri əsasında mərhələli həll planı gündəmdədir. Bizimkilər Lavrovun dilindən “Dağlıq Qarabağ və ətraf rayonlar”ın qaytarılacağını yazsalar da, əslində, Rusiyalı nazir “bir sıra rayonlar”ın qaytarılmasından danışıb. Bu, artıq yeni olmayan 5+2 variantıdır.
Lavrovun bu açıqlaması Ermənistanda kəskin şəkildə tənqid edildi. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirdi ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq, ətraf rayonlar isə Qarabağ ermənilərinin “təhlükəsizlik zolağı”dır.
Azərbaycandan buna sərt reaksiya veriləcəyi gözlənilsə də, təəssüf ki, belə olmadı. Bu görüş baş tutana qədər Mnatsakanyan hətta “biz qanla əldə etdiyimiz qələbəni hədiyyə verə bilmərik” kimi başqa bir bəyanat da vermişdi. Bütün bunlardan sonra çoxları düşünürdü ki, Azərbaycan və Ermənistan xarici işlər nazirinin görüşü baş tutmayacaq.
Çünki Ermənistan ortaya mövqe qoydu, bununla Azərbaycana faktik müharibə elan etdi. Lakin bunun qarşılığında nazirlərin videokonfransı baş tutdu. Arzuedilməz vəziyyətdə qalan isə yenə də Azərbaycan tərəfi oldu.
Ümumiyyətlə, o videokonfransda heç bir prinsipial məsələ müzakirə edilməyib. Azərbaycan tərəfi BMT baş katibinin koronavirus dönəmində “silahlı qarşdurmalar dayandırılmalıdır” çağırışını diqqətə çatdırdı. Əgər Ermənistan BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsinin həllinə dair dörd məlum qətnaməsinə məhəl qoymursa, təşkilatın baş katibinin çağırışına necə əməl edəcək?
BMT-nin həmin qətnamələrini Lavrov da təhrif edir. O deyir ki, qətnamələrdə sadəcə, müharibənin dayandırılması və qoşunların çıxarılması kimi məsələlər öz əksini tapıb. Ancaq o qətnamənin 3-də açıq yazılıb ki, qoşunlar dərhal çıxarılmalıdır”.
İlham İsmayıl nazirlərin sonuncu görüşünü Azərbaycan diplomatiyası üçün növbəti uğursuzluq kimi dəyərləndirib:
“Əvvələr “işğal olunan torpaqlar” deyilirdi. Azərbaycanın diplomatik qətiyyətsizliyi nəticəsində beynəlxalq terminlərdə artıq “erməni silahlı qüvvələrinin nəzarət etdiyi ərazi” yazılmağa başlanıb. Yəni “işğal” ifadəsi aradan qalxmaqdadır.
Bu, əlbətə ki, Azərbaycan diplomatiyasının uğursuzluğudur. Ermənistan açıq şəkildə bəyan edir ki, Azərbaycanın torpaqlarını qaytarmıram. Bunun qarşılığında Azərbaycan real hərəkətə keçməlidir. Nəyi gözləyirik?”.
Səxavət Məmməd