Ermənilər üçün "intihar" seçimi: Müxalifətin hakimiyyət xəyalı Ermənistanın növbəti darmadağını ilə bitəcək? – TƏHLİL
“Müxalif qüvvələr qalib gələrsə baş verəcəklərə görə Ermənistan növbəti dəfə məğlub ola bilər.”
Bu sözləri Yenicag.az-a açıqlamasında “Demokratik Azərbaycan Naminə” İctimai Birliyin (DANİB) sədri Elməddin Behbud bildirib.

Politoloq Ermənistanda keçiriləcək seçkilərin mümkün nəticələri və bu nəticələrin yaradacağı reallıqlar barədə geniş danışıb:
“Biz əgər Ermənistandakı siyasi prosesləri obyektiv, eyni zamanda ordakı reallıqlardan çıxış edərək təhlil ediriksə mütləq qarşıdakı seçkilərə diqqət yetirməliyik. 7 iyun seçkiləri qarşıdakı 5 il ərzində həm Ermənistanın daxili, həm də xarici siyasət kursunu müəyyən edəcək. O cümlədən Ermənistanın 1988-ci ildən etibarən diplomatik münasibətləri kəsdiyi və uzun illər münaqişədə olduğu Azərbaycanla da münasibətlərinə ciddi şəkildə təsir edəcək. Biz seçkilərin nəticələri ilə bağlı proqnoz verərkən beynəlxalq təşkilatların sorğularının nəticələrinə diqqət etməliyik. Fevral ayındakı sorğular göstərir ki, arxasında Rusiyanın dəstəklədiyi qüvvələrin dayandığı bütün media orqanlarının sosial şəbəkə hesabları, siyasi qüvvələrin və maddi kapitalın bütün mübarizəsinə rəğmən hələ də seçki yarışında öndə gedən qüvvə Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” təşkilatıdır.
Eyni zamanda bu seçki mübarizəsi təqribən 4 siyasi qüvvənin arasında gedəcək. Onlardan biri hakim siyasi partiya, digəri Samvel Karapetyanın partiyasıdır, üçüncüsü Robert Köçəryanın, digəri isə 2021 seçkilərindən məğlub çıxan amma əvvəlki seçkilərdə parlamentdə olan Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasıdır. Barajı keçib 101 nəfərlik parlamentdə deputat mandatı qazanma ehtimalı olan və gələcək hökuməti koalisiya ya da təkbaşına yürütmək ehtimalı olan biridir sözügedən şəxs. Digər müxaliflərin rəhbərlik etdiyi partiyaların 5%-lik barajı keçmə ehtimalı görünmür. Əgər Paşinyan bu seçkidə məğlub olacaqsa açıq etiraf etməliyik ki, Azərbaycanla bağlı sülh gündəliyi dayanacaq. Nə Karapetyanın partiyası, nə də Köçəryanın rəhbərlik etdiyi siyasi qüvvə Paşinyanın rəhbərliyi ilə Azərbaycanın apardığı son anti-terror əməliyyatlarından sonra yaranan yeni sülh gündəliyi ilə bağlı vəziyyəti qəbul etmirlər. Karapetyan bəllidir ki, Rusiya mərkəzli siyasi şəxsdir.
Maraqlıdır ki, həm Paşinyan, həm Köçəryan, həm də Karapetyan üçü də ya Azərbaycanla həmsərhəd rayonda doğulublar ya da Azərbaycan ərazisində. Bunlar Azərbaycan xalqını çox gözəl tanıyırlar və İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının və dövlətinin öz ərazi bütövlüyü və suverenliyi məsələsinə münasibətini birmənalı şəkildə ortaya qoydu. Ona görə güman etmirəm ki, onların hakimiyyətə gəlməsi belə irimiqyaslı müharibəyə səbəb ola bilər. Nəzərə alsaq ki, faşist ideologiyasına əsaslanan “Daşnaksütun” partiyası bu seçkidə Köçəryanın rəhbərliyi altında ‘erməni milli alyansı’ sırasında seçkiyə qatılacaq, bu da bir daha həmin siyasi qüvvənin ən uzun sərhəddə malik olduğu Azərbaycanla münasibətlərini ortaya qoyur. Biz birmənalı şəkildə bu gün deyə bilərik ki, sülh gündəliyi dayanacaq amma müharibənin baş verməsi bir çox xarici təsirlərdən də asılıdır. Biz görürük ki, Ermənistan dövlətinin ali iradəsinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına rəğmən Avropa Parlamenti Azərbaycandakı erməni cinayətkarlarını hansısa maskaya bürüyüb onların azad olunmasının vacibliyi ilə bağlı çağırış edir. Biz bilirik ki, AP-də çox ciddi lobbi qrupları var. O lobbi qruplarının bəzilərinin maliyyə qaynağı Rusiyadandır.”
Politoloq qeyd edib ki, Ermənistanda keçirilən anket sorğularında hələ də Paşinyan koalisiyasız hökumət qurmağa daha yaxındır:
“Cənab prezident bu gün Avropa Siyasi Liderlərinin İrəvanda keçirilən toplantısına online şəkildə qatıldı. Bu ilk dəfə idi ki, Azərbaycan Prezidenti İrəvanda keçirilən toplantıya qatılırdı. Prezident video müraciətində də ifadə etdi ki, Azərbaycanda həbsdə olan ermənilər Azərbaycan xalqına qarşı cinayət törətmiş, beynəlxalq hüquq prinsiplərini pozmuş cinayətkarlardır. Cinayətkarlar isə heç bir halda azad oluna bilməz. Ona görə də, bu gün seçkilərdə manipulyasiya alətinə çevrilən Azərbaycandakı erməni milliyyətindən olan şəxslərin azad olunması məsələsi heç bir halda baş tutacaq deyil.
Əgər Paşinyan təkbaşına ölkəni idarə edəcək qədər səs ala bilməsə digərlərinin partiyaları birləşərək hökuməti təmsil etsələr belə Azərbaycana qarşı hər hansı hərbi ritorika, aqressivlik bütün hallarda Ermənistanın məğlubiyyəti ilə bitəcək. Bunu erməni cəmiyyəti də dərk edir. Bu dərk etmə səviyyəsi nə qədər olacaq, biz onu seçkilərin nəticəsində biləcəyik. Rəy sorğuları göstərir ki, qərarsızlar get-gedə azalır, 45% olan qərarsızların səsi düşüb 35%-ə. Ermənistanın doğru istiqamətə getmədiyini düşünən narazı kütlənin sayı da 40%-dən 30%-ə düşüb. Köçəryan və Tsarukyana səs verəcək seçici sayı da azalmağa doğru gedir. Bu nəticələr onu göstərir ki, Paşinyanın 40-45% səs alma ehtimalı var və yüksəliş davam edəcəyi təqdirdə Paşinyan yenə seçkilərdə qalib gələcək və təkbaşına hökuməti qura biləcək.
Azərbaycan – Ermənistan münasibətləri artıq elə bir vəziyyətə gəlib çıxıb ki, bundan sonra yalnız və yalnız sülh və dialoq yolu ilə bu münasibətlərin inkişaf etmə perspektivi var. Əks halda bunun adı Ermənistan – Azərbaycan münasibətləri olmayacaq, Ermənistanın növbəti dəfə məğlubiyyətinə gətirib çıxaracaq ki, bu ərazi itkisinə də səbəb ola bilər.”
Nurlan Cəfəri













