Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Azərbaycan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı parlamentdə fikir səsləndirib. O deyib ki, “Azərbaycanın özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməsi Ermənistana qarşı ərazi iddialarını ortaya çıxarır”. Mirzoyan bu səbəbdən “sülh müqaviləsinin imzalana bilməsi üçün Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsini zəruri” görüb.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında politoloq Qulamhüseyn Əlibəyli deyib ki, bu, ermənilərin yeni bəhanəsidir:
“Nə Azərbaycan Konstitusiyasında, nə də Azərbaycan Xalq Cümhuriyyəti dövründə başqa ölkələrə qarşı ərazi iddiası kimi fikir formalaşdıracaq hansısa işarə yoxdur. Düzdür, beynəlxalq səviyyədə təsdiq olunan sənədlərə görə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 113.900 kv/km olub. Ancaq Azərbaycan dəfələrlə bəyan edib ki, qarşılıqlı razılaşmalar əsasında sərhədlər dəqiqləşdirilməlidir. Bu isə qəti olaraq, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarında olduğu ilə bağlı əsas vermir”.
Q.Əlibəyli vurğulayıb ki, Ermənistan tərəfindən səsləndirilən bu fikir, sadəcə olaraq, bəhanədir.
“İrəvan sülh müqaviləsini imzalamaq istəmədiyi üçün belə oyunlar oynayır. Bunun isə səbəbləri var. İlk olaraq Ermənistan konstitusiyasının bu ölkənin müstəqilliyi haqqında bəyannaməyə istinad edildiyini nəzərə almaq lazımdır. Həmin bəyannamədə isə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi qələmə verilib. Həmçinin Ermənistan gerbinə nəzər yetirsək, Ağrı dağınının təsvirini görərik. Bu da Türkiyəyə qarşı ərazi iddiaları deməkdir.
Ermənistanın daxili işlərinə müdaxilə etmək kimi niyyətimiz yoxdur. Sadəcə, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına əsas verə bilən müddəaların Ermənistan konstitusiyasından çıxarılmasını tələb edirik”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az