“Ermənistan hakimiyyəti ilə müxtəlif qurumlar arasında əlaqələr yoxdur. Ya bir-birini başa düşmək istəmirlər, ya da başa düşmürlər”.
Bu fikirləri Ermənistan nümayəndələrinin Böyük Britaniyada keçirilən beynəlxalq konfransda Azərbaycanı təcavüzkarlıqda ittiham edərək hökumət başçısı Nikol Paşinyana qarşı çıxmalarından danışan politoloq Ramiz Alıyev Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, sözügedən məsələ Nikol Paşinyanın dövlətin müəyyən strukturlarına təsir etmək imkanlarının zəif olmasından qaynaqlanır:
“Ermənistanda Nikol Paşinyan hakimiyyətinin hərbi sahəyə təsir imkanlarının zəif olduğunu dəfələrlə bildirmişik. Ermənistanla Azərbaycan arasında keçiriləcək görüşlərdən öncə sərhəddə təxribatların törədilməsi hər kəsin diqqətini çəkib. Ermənistan ordusunda Rusiyaya bağlı hərbçilər təxribatlar törədərək Ermənistanla Azərbaycan arasında gərginlik yaratmağa çalışır. Buna baxmayaraq, Paşinyan sülh müqaviləsinin bağlanmasının vacib olduğunu bildirib.
Buradan belə nəticə çıxır ki, Ermənistan hakimiyyəti ilə müxtəlif qurumlar arasında əlaqələr yoxdur. Ya bir-birini başa düşmək istəmirlər, ya da başa düşmürlər. Ona görə də beynəlxalq platformalarda Azərbaycana qarşı səsləndirilən ittihamlar gözləniləndir və gələcəkdə də səsləndiriləcəkdir. Ermənilər beynəlxalq icitmaiyyətə gah yalvarır, zəif olduqlarını bildirir, gah da güclü olduqlarını deyib hədə-qorxu gəlirlər. Belə hərəkətlər erməni xalqının qanında var.
Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf etdi və sülh müqaviləsinin də imzalanacağını bildirdi. Belə olan halda, təzadlar yaranır. Belə çıxır ki, Paşinyan beynəlxalq ictimaiyyəti “biz sülh müqaviləsi imzalamağa hazırıq” yalanı ilə aldadır. Yaxud erməni nümayəndələri beynəlxalq iclaslarda Paşinyanın açıqlamalarına zidd hərəkətlər edərək onu saymadıqlarını nümayiş etdirir.
Ermənistanda hakimiyyət daxilində müəyyən problemlər olduğu hər kəsə məlumdur. Burada baş naziri rəhbər kimi qəbul etməyənlər var. Bu səbəbdən onun fikirlərinin əksini edərək müəyyən təxribatlar törətmək istəyirlər.
Fransanın Ermənistana silah alması üçün yardım etdiyini bilirik. Beynəlxalq iclaslarda ölkəmiz adına əsassız ittihamların səsləndirilməsi və Ermənistanın silahla təmin olunması yalnız və yalnız müəyyən qüvvələrin münaqişənin yenidən alovlanmasına hesabladığı planlardır”.
Nəsimi Ələsgərli
www.yenicag.az