Ermənistan iqtisadiyyatını kim batırır? – Keçmiş prezidentin təxribat dolu seçki planı
“Köçəryan Ermənistanın dirçəlişini istəyirsə, sülh müqaviləsini dəstəkləməlidir”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli bildirib.
Politoloq Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Rusiya-Ukrayna müharibəsinin sonunda Ermənistan iqtisadiyyatının çökəcəyi ilə bağlı verdiyi bəyanatları sərt tənqid edib:
“Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca radikal və separatçı qüvvələr cəmiyyəti parçalamağa, ölkəni yenidən faciələrə sürükləməyə çalışırlar. Bu ünsürlərin əsas niyyəti seçkiöncəsi vəziyyəti gərginləşdirmək, Paşinyanın tərəfdarlarını öz tərəflərinə çəkmək və təxribatlara zəmin yaratmaqdır. Azərbaycan xalqına qarşı soyqırımı cinayətləri törətməkdə ‘mahir’ olan Köçəryan da bu istiqamətdə yenidən fəallaşıb. O, Rusiyadakı müxtəlif siyasi dairələrin təhriki ilə təxribatçı bəyanatlar səsləndirir”.
Sahil Kərimli qətiyyətlə bildirib ki, Köçəryanın bu açıqlamaları növbəti təxribat cəhdidir:
“Ukrayna müharibəsi regionun iqtisadi və siyasi xəritəsini, xüsusilə logistika imkanlarını əhəmiyyətli dərəcədə dəyişib. Lakin bu müharibə bitdikdə Ermənistan iqtisadiyyatının çökəcəyini iddia etmək Köçəryan xislətinin təxribatçı və separatçı mahiyyətindən xəbər verir”.
Ekspert Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar və Ermənistan iqtisadiyyatı üçün açılan perspektivləri belə sadalayıb:
“Azərbaycan hazırda Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində humanizm prinsiplərinə əsaslanan addımlar atır. Nəqliyyat-kommunikasiya sistemlərinin açılması ilə bağlı ciddi təkliflər və irəliləyişlər var. Azərbaycanın mühüm layihələrindən biri olan Zəngəzur dəhlizi Ermənistan iqtisadiyyatına böyük dividendlər qazandıracaq.
Xüsusilə vurğulanmalıdır ki, son aylarda Azərbaycan öz ərazisindən Rusiya və digər ölkələrin ərzaq və taxıl məhsullarının Ermənistana daşınmasına şərait yaradıb. Həmçinin aylardır Azərbaycanın neft məhsulları da Ermənistana ixrac olunur. Ermənistan o halda iqtisadi çöküş yaşayar ki, blokada şəraitində qalsın. Lakin Azərbaycanın yaratdığı yeni reallıqlar sayəsində bu məsələ artıq geridə qalıb. Əgər sülh müqaviləsi imzalanarsa, Ermənistan iqtisadiyyatı sürətlə inkişaf edəcək. Köçəryan Ermənistanın dirçəlişində səmimidirsə, təxribatla deyil, sülh prosesinə dəstək verməklə məşğul olmalıdır”.
Nurlan Cəfəri













