Son illərdə Ermənistan ordusunda qeyri-döyüş şəraitində misli görünməmiş sayda ölüm halları baş verir və bu, artıq adi bir hal alıb. Demək olar ki, hər ay, bəzən isə hər həftə Ermənistanın İstintaq Komitəsi orduda “aydınlaşdırılmamış şəraitdə” baş vermiş ölüm halları ilə bağlı məlumat yayır. Ermənistan ordusunda əsgərlər ya intihar edir, ya da məişət münaqişələri zəminində bir-birlərini öldürürlər. Lakin bu məsələnin ən qorxunc tərəfi ondan ibarətdir ki, bu hadisələrin səbəbləri heç vaxt tam olaraq araşdırılmır, günahkarlar cəzalandırılmır və orduda nizam-intizam yaratmaq üçün heç bir ciddi təşəbbüs göstərilmir.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Qəzet yazır ki, artıq vəziyyət o qədər kritik həddə çatıb ki, pensiyaya çıxmış hərbi qulluqçuları geri çağırmaq üçün qanunvericilik dəyişiklikləri də təklif olunur.
KİV əlavə edib ki, məqsəd yaşlı insanların varlığı ilə gənc əsgərlərin davranışlarını nəzarətdə saxlamaq və orduda hökm sürən xaosu idarə etməkdir. Məlum olur ki, bu ilin ilk 11 ayı ərzində orduda 34 ölüm hadisəsi qeydə alınıb ki, bu da keçən ilin 64 ölüm hadisəsi ilə müqayisədə nisbətən azdır.
Ermənistan ordusunun ehtiyatda olan general-mayoru Tatul Petrosyan isə verdiyi müsahibədə orduda baş verən ölüm halları ilə bağlı deyib ki, adətən, ölümlər intihar hadisələri kimi görünür, amma elə hallar var ki, əsgərlər xəstəliklər səbəbindən də vəfat edirlər:
“18-20 yaşlı bir gənc ciddi tibbi müayinələrdən keçir, sağlam olduğu təsdiqlənir və hərbi komissiya tərəfindən xidmətə yararlı elan edilir. Lakin birdən-birə məlum olur ki, 19 yaşlı bir əsgər ürək tutmasından vəfat edir. Bu cür məsələlər çox vacibdir. İndi isə müxtəlif xəstəlikləri olan gəncləri də hərbi xidmətə cəlb etmək istəyirlər ki, bu da orduda ölüm hallarının artacağını göstərir. Elə xəstəliklər var ki, bundan sonra hərbi xidmətdən azad edilmək üçün əsas sayılmayacaq. Xəstə insanları sırf sayı tamamlamaq üçün hərbi xidmətə göndərirlər”.
General əlavə edib ki, bəzi erməni valideynlər də övladlarının intihar etdiyini deyil, qəsdən öldürüldüyünü iddia edir:
“Əgər hər dəfə intihar versiyasını irəli sürürlərsə, bu, məsələnin ört-basdır edilməsinə işarədir. Biz görürük ki, çox sayda valideyn bu versiya ilə razılaşmır və intiharın həqiqət olduğuna inanmır. Problemin kökü ədalət sistemindəki ciddi qüsurlardır. Məsələn, Azat kəndində baş vermiş yanğını xatırlayaq. Burada15 əsgər həlak oldu. Lakin nə müdafiə naziri, nə baş prokuror, nə daxili işlər naziri, nə də İstintaq Komitəsinin rəhbəri hadisə yerinə getdi. Amma baş verəndən bir neçə saat sonra hökumət iclasında Baş nazir öz versiyasını irəli sürərək hadisənin onun dediyi kimi baş verdiyini iddia etdi. Həmin əsgərlərin valideynləri hələ də baş verənlərlə barışmayıb və hadisənin sobanın yanması nəticəsində baş verdiyinə inanmırlar”.
Petrosyan həmçinin Ermənistan ordusunda nizamnamədənkənar münasibətlərin mövcudluğunu, əsgərlər arasındakı münasibətlərdə əxlaqsız prinsiplərin hökm sürdüyünü və bu səbəbdən əsgərlərin intihara əl atdıqlarını vurğulayır:
“Orduda zorakılıq halları geniş yayılıb. Əsgərlər bir-birlərinə hətta bölgələr üzrə qarşıdurma yaradırlar – məsələn, İrəvanlılar, Lori sakinləri, gümrülü və s. Orduda bu cür problemləri həll etmək üçün heç bir addım atılmır”.
Rafi Müslümov
www.yenicag.az