"Ermənistan üçün "Ukrayna ssenarisi" MASADA: "Solovyov Kremlin ağzı ilə danışır, işğal planı hazırdır"
“Solovyov Rusiya və Ermənistan arasında yeni böhran yaratmaq üçün istifadə edilir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Politoloq rusiyalı təbliğatçı Vladimir Solovyovun “Ermənistanda da Ukraynadakı kimi əməliyyatlar keçirilməlidir” fikrinə Mariya Zaxarovanın “bu, jurnalistin şəxsi mövqeyidir” deyərək reaksiya verməsini sərt tənqid edib:
“Rusiyalı jurnalist Solovyovun çıxışları həmişə böyük narazılığa, ziddiyyətlərə və mübahisələrə səbəb olur; Ermənistan ictimaiyyəti də haqlı olaraq ona qarşı çıxır. Bir vaxtlar Solovyov daxil olmaqla bir qrup jurnalist, deputat və ictimai fəal Ermənistanı tərifləyir, onlarla müttəfiqlik münasibətlərinin yüksək səviyyədə olması barədə fikirlər bildirirdilər. Lakin Ermənistanın Qərbə üz tutması Rusiyanın mövqeyini kəskin dəyişdi və bu gün İrəvan haqqında tamamilə tərs fikirlər səsləndirilir.
Ermənistanı işğal etmək, orada hərbi əməliyyatlar keçirmək təklifləri irəli sürülür. Nəzərə alaq ki, Rusiya hələ də Ukrayna bataqlığından çıxa bilmir və oradakı müharibə Qərb tərəfindən idarə olunan konfliktə çevrilib. Ona görə də bu cür fikirlər nəinki münasibətlərdə ziddiyyətləri artırır, eyni zamanda dövlətlərarası əlaqələrə ciddi zərbə vurur”.
Politoloq qeyd edib ki, Solovyov iki ölkə arasında yeni böhranın əsas səbəbkarına çevrilə bilər:
“Zaxarovanın jurnalistin fikirlərini ‘şəxsi mövqe’ kimi qiymətləndirməsi iki ölkə arasındakı gərginliyi daha da dərinləşdirir. Məlumdur ki, Solovyov kimi təbliğatçılar Kremlin ağzına baxır, orada müəyyən edilən tezisləri səsləndirirlər. Solovyov kimdir ki, öz şəxsi fikrini ifadə etsin?
Burada media, deputatlar və təbliğatçılar vasitəsilə əvvəlcə ictimai rəy hazırlanır, fikir irəli sürülür, dəstək toplanılır və uyğun şərait yaranan kimi icra edilir. Ukrayna ilə də oxşar vəziyyət idi və baş verənlər hər kəsin gözü qarşısındadır. Hesab edirəm ki, Rusiya-Ermənistan münasibətlərindəki bu təzadlı məqamlar daha gərgin mərhələlərə qədəm qoyacaq”.
Nurlan Cəfəri












