Ermənistanda "Avropa sipəri": Aİ-nin yeni missiyası Rusiyanın hansı planını pozacaq?
“Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü daha çox Rusiyanı narahat edir.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Taleh Əliyev bildirib.

Politoloq Ermənistanın Avropa İttifaqına üzv olmağa çalışmasına qarşı Rusiya rəsmilərinin səsləndirdiyi çəkindirmə bəyanatlarını şərh edib:
“Ermənistanın Avropa İttifaqına və digər avrostrukturlara inteqrasiyası Rusiyanı ciddi şəkildə narahat edir. Rusiya hakimiyyəti çox yaxşı fərqindədir ki, Paşinyan hakimiyyətə gəldiyi vaxtdan Ermənistanı mərhələli şəkildə Rusiyanın nəzarətində olan MDB, KTMT və Avrasiya İqtisadi İttifaqından uzaqlaşdıraraq avrointeqrasiya xətti yürüdür.
7 iyun seçkilərindən sonra bu istiqamətdə daha qətiyyətli addımların atılacağı şübhəsiz görünür. Ona görə də Rusiya tərəfi müxtəlif təzyiq və təsir vasitələri ilə Paşinyanı növbəti seçkilərdə məğlubiyyətə uğratmağa çalışır. Bunun mümkün olmayacağı təqdirdə, digər rıçaqları işə salmaqla onu indiki həssas dönəmdə Rusiyaətrafı qurumlardan uzaqlaşmaqdan çəkindirmək və avrointeqrasiya istiqamətində daha aktiv siyasət yürütməsinə mane olmaq niyyətindədir”.
Politoloq qeyd edib ki, Rusiya müəyyən qüvvələrin əli ilə seçki prosesinə müdaxilə etməyə çalışır:
“Rusiyanın bundan sonra Paşinyan hakimiyyətinə edə biləcəyi təzyiqlər əvvəlki qədər təsirli olmayacaq. Bununla belə, Rusiya Ermənistandakı hərbi bazası, həmçinin siyasi müxalifətdə və kilsədə təmsil olunan “5-ci kolon” vasitəsilə müxtəlif təsir vasitələrinə əl atmağa çalışacaq. Lakin Ermənistanın Avropadakı müttəfiqləri də buna qarşı boş dayanmırlar.
Bu günlərdə Aİ Ermənistana yeni mülki missiya göndərməklə bağlı qərar qəbul edib. Bu missiyanın məqsədi dövlətə və hakimiyyətə qarşı hibrid təhdidlərin vaxtında aşkarlanması, zərərsizləşdirilməsi və seçkilərə kənar müdaxilələrə qarşı mübarizə aparılmasıdır. Burada söhbət məhz Rusiyanın Ermənistana mümkün müdaxilələrinə qarşı qabaqlayıcı addımların atılmasından gedir. Rusiya tərəfinin ardıcıl bəyanatlar verməsi onu göstərir ki, yaxınlaşan təhlükə Ermənistandan daha çox Rusiyanın özünə və geosiyasi maraqlarına toxunur”.
Nurlan Cəfəri













