Ermənistanda hakimiyyət OYUNU: "Kim gəlirsə gəlsin, Azərbaycanın tələbi dəyişməzdir"
“Ermənistanda hər hansı siyasi fiqurun hakimiyyətə gəlməsi yeni münaqişə və ya müharibə riskinə yol açmamalıdır.”
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

Ermənistanda yaxınlaşan seçkilərdə hazırkı baş nazir Nikol Paşinyanın məğlub olacağı təqdirdə, yeni liderin Azərbaycan-Ermənistan münasibətlərində sərgiləyəcəyi mövqe hər iki ölkədə geniş müzakirə edilir. Politoloq belə bir ssenari gerçəkləşəcəyi təqdirdə regionda gözlənilən proseslərlə bağlı geniş şərh verib:
“Ermənistanda seçkilər yaxınlaşdıqca bu prosesin həm daxili, həm də xarici siyasətə təsiri ilə yanaşı, regional və qlobal hadisələrin də seçki atmosferinə təsir etdiyi aydın görünür. Bunu həm Nikol Paşinyan, həm də onun rəqibləri yaxşı anlayırlar. Hazırda daxildə Qərb və Rusiya arasında rəqabətin şahidi oluruq. Eyni zamanda, Rusiya qədər, hər nə qədər müharibə (proksi-münaqişələr) vəziyyətində olsa da, İranın maraqlarını da unutmaq olmaz. Son dövrlərdə Azərbaycanla Ermənistan arasında paraflanan sazişlərin Türkiyədə imzalanması aktuallıq qazanıb. Hətta erməni siyasi fiqurları tez-tez Türkiyədə görünür və regional məsələlərlə bağlı türkiyəli siyasətçilərlə ortaq mövqe nümayiş etdirməyə çalışırlar.
Buna bir tərəfdən müsbət yanaşmaq mümkün olsa da, nəzərə almalıyıq ki, Ermənistan hələ də Azərbaycanla sülh müqaviləsini Türkiyə ilə münasibətlərin normallaşmasından ayrı tutmağa çalışır. Tarix boyu bir neçə dəfə şahid olmuşuq ki, Ermənistan Türkiyə ilə sərhədləri açaraq iqtisadi blokadadan çıxmaq istəyib. Bu məsələdə yalnız İrəvan deyil, həm də Avropa İttifaqı və bütövlükdə Qərb maraqlıdır. Bu isə Rusiyanın və İranın bölgədəki mövqelərinin zəifləməsi deməkdir. Təbii ki, Moskva və Tehran da buna mane olmağa çalışır”.
Ş. Həsənova bildirib ki, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Azərbaycanın dəyişməz şərti və istəyi sülhün bərqərar olmasıdır:
“Azərbaycanın şərtləri və tələbləri Ermənistanda hansı qüvvənin hakimiyyətdə olmasından asılı deyil. Rəsmi Bakı bu problemi kökündən həll etmək niyyətindədir. Gələcəkdə hər hansı siyasi fiqurun hakimiyyətə gəlməsi yeni münaqişə və ya müharibə riskinə səbəb olmamalıdır. Şübhəsiz ki, məsələlərə konstruktiv yanaşan şəxslərin hakimiyyətdə olması daha məqsədəuyğundur.
Alen Simonyanın açıqlamalarından da görünür ki, onlar Türkiyə ilə münasibətləri bu proseslərdən kənarda saxlamağa çalışırlar və bu, düşünülmüş addımdır. Lakin nə Ermənistanda hansısa qüvvənin hakimiyyətə gəlməsi səbəbilə Azərbaycanın tələbləri dəyişməli, nə də Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin zəifləməsinə imkan verilməlidir. Bu koordinasiya sona qədər davam etdirilməli, həm Azərbaycan, həm də Türkiyə tərəfindən güclü siyasi iradə nümayiş etdirilməlidir. Biz bu qətiyyətin ən ali səviyyədə şahidi oluruq.
Proseslərin daha çox regional çərçivədə, region ölkələri arasında həll olunması vacibdir. Bunun göstəricisi kimi, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun Gürcüstan, Türkiyə və Azərbaycanla yanaşı, Ermənistanın da regional formata daxil edilməsi təklifini qeyd etmək olar. Simonyan buna müsbət yanaşsa da, prosesləri öz maraqları istiqamətində yönləndirməyə çalışır”.
Politoloq Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsinin regional müstəvidə imzalanmasının əhəmiyyətini vurğulayıb:
“Məqsədəuyğun olardı ki, tarix boyu yaranmış problemlərin həlli üçün məhz region ölkələrinin iştirakı ilə, simvolik əhəmiyyət daşıyan bir məkanda sülh müqaviləsi imzalansın. Bu, proseslərin yekunlaşmasına və iqtisadi layihələrin genişlənməsinə təkan verə bilər. Eyni zamanda, proseslərin tələsik deyil, təmkinli və ardıcıl şəkildə inkişafı daha vacibdir. Çünki qəfil yaranan reallıqlar dağıdıcı ola bilər; tədricən və sabit şəkildə baş verən dəyişikliklər isə daha dayanıqlı nəticələr verir. Əsas məqsəd bu problemin həm hüquqi, həm də siyasi baxımdan gələcək nəsillərə ötürülməməsidir. Bunun üçün isə gənclərin sağlam və ayıq düşüncəli formalaşdırılması zəruridir”.
Nurlan Cəfəri













